Tikintiyə icazəni elektron formada necə almaq olar?

15.02.2019 İnşaat və Əmlak
Elektron Hökumətin İnkişafı Mərkəzində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib.

"Kommersant.az" xəbər verir ki, toplantıda “Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üçün elektron müraciət sistemi” və “Elektron kənd təsərrüfatı sistemi”nin təqdimatları olub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud tikintiyə icazə üçün onlayn müraciət sisteminin Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli müvafiq Fərmanı əsasında hazırlandığını bildirib. Sistem Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə hazırlanıb.

Elektron müraciət sistemi vasitəsi ilə tikinti obyektinin sifarişçisi Bakı şəhəri üzrə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınmasını “bir pəncərə” prinsipi əsasında elektron formada həyata keçirə biləcək. Belə ki, sifarişçi qeyd olunan sistemə elektron qaydada müraciət edərək və tələb olunan sənədləri elektron formada yükləyərək 15 iş günü müddətində tikintiyə icazəni, 10 gün müddətində isə istismara icazəni əldə edə bilər.

Elektron kənd təsərrüfatı sistemi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Elektron kənd təsərrüfatı və informasiya sistemlərinin inkişafı departamentinin müdiri Nail İsmayılov təqdimat edib və sistemin özəllikləri ilə bağlı məlumat verib.

O, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə hazırlanan sistemin əsas prisniplərinin aqrar sahədə biznes proseslərinin sadələşdirilməsi, optimallaşdırılması, fermerə daha yaxın olmaq, problemlərin həllinə dəstək vermək, əlavə vaxt itkisini və bürokratik əngəlləri aradan qaldırılması, şəffaflığın təmin olunması, elektron sistemin kənd təsərrüfatında tətbiq olunması prosesində fermerə lazımi xidmətlərin heç bir yerə getmədən, əlavə xərc çəkmədən, elektron qaydada müraciətin edilməsi və xidmətin alınmasını təmin etmək olduğunu bildirib.

İctimai Şuranın toplantısında hər iki təqdimatlar ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb. Eyni zamanda, sistemlərin təkmilləşdirilməsi üçün təkliflər verilib.

  • Əvvəlki

    Xaricdən Azərbaycana göndərilən pullar artıb - MƏRKƏZİ BANK AÇIQLADI

Digər xəbərlər