USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AAYDA Bakı-Qazax avtomobil yolundakı tıxacların səbəbini açıqladı

12.11.2025 İnşaat və Əmlak
0 0
Hazırda Bakı-Qazax avtomobil yolunda təmir işləri hissə-hissə aparılır.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirilib.

O qeyd edib ki, əgər 100 kilometrlik yolda təmir aparılacaqsa, əvvəlcə 10 kilometrində iş gedir.

"Belə olduqda, ikitərəfli istiqamətdə məhdudiyyət tətbiq edilən yolda sürücülərin əks yollara çıxması halları müşahidə edilir. Bu halda tıxac yaranır. Halbuki sürüclər nizamlı hərəkətə, müvəqqəti yol nişanlarının tələblərinə riayət etsələr hərəkət daha asan icra edilər".

Qurum rəsmisi bildirib ki, həmin əraziyə kifayət qədər axın var, yəni sözügedən yol magistraldır.

A.Nəcəfli vurğulayıb ki, AAYDA tərəfindən işlər açıq hava şəratində və intensiv hərəkət olan şəraitdə, tətbiq olunmuş qrafikə əsasən aparılır:

"Hazırda işlərin nə zaman yekunlaşacağını demək mümkün deyil. Maksimum dərəcədə ərazidə işlərin tezliklə yekunlaşması üçün çalışılır. Təmir işləri də nəticədə sürücülərin rahatlığı üçündür, bu səbəbdən hazırda müəyyən tıxac və digər maneələrin olması gözlənilən idi",- deyə qurumdan əlavə olunub.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Böyük İpək yolu”nun tərkib hissəsi olan M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda təmir işlərinə cari ilin avqustunda başlanılıb.