USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əmanətlərin tam sığortalanması müddəti uzadılmamalıdır - EKSPERT

13.03.2020 İqtisadiyyat
0 0
Xəbər verildiyi kimi, "Əmanətlərin tam sığortalanması haqqında” qanunun yenidən uzadılması məsələsi gündəmdədir.

"Kommersant.az" xəbər verir ki, bu haqda Mərkəzi Bank bir neçə gün öncə məlumat yayıb. Məlumatda bildirilir ki, məsələ Maliyyə Sabitliyi Şurasında geniş müzakirə edilib və müzakirələrin nəticəsi olaraq əmanətçilərin və kreditorların mənafelərinin daha etibarlı qorunması üçün "Əmanətlərin tam sığortalanması haqqında” qanunun əlavə 9 ay uzadılması məqsədəuyğun sayılaraq müvafiq tövsiyə hazırlanıb.

"Yeni seçilmiş Milli Məclis fəaliyyətə başlayandan sonra qanun layihəsi müvafiq qaydada qanunvericilik təşəbbüsü hüququna malik orqan tərəfindən parlamentin müzakirəsinə təqdim ediləcək”, - deyə MB-dən bildirilib.

Onu da bildirək ki, sözügedən qanun layihəsi bu gün parlamentin iclasında müzakirə ediləcək. Əgər parlament qanun layihəsini qəbul edərsə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Fondunun iştirakçı bankları tərəfindən əmanətlərin tam sığortalanması müddəti 04 mart 2020-ci il tarixindən 04 dekabr 2020-ci il tarixinədək uzadılacaq.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov açıqlamasında bildirdi ki, hüquqi baxımdan məsələyə yanaşdıqda, hələlik qanunun müddəti uzadılmayıb:

"Ümumiyyətlə, qanunun müddətini yalnız Milli Məclis qəbul edə bilər. Hələlik layihə var və o, müzakirə ediləcək. Amma qüvvədən düşmüş qanunun müddətini uzatmaq mümkün deyil. Artıq bildiyiniz kimi, Azərbaycanda "Əmanətlərin tam sığortalanması haqqında” qanun yoxdur. O, martın 4-dən etibarən qüvvədən düşüb. Sadəcə, Milli Məclis yenidən belə bir qanun qəbul edə bilər. Böyük ehtimalla belə də olacaq. Bu ilin dekabrın 4-nə kimi qəbul olunacağı deyilir”.

Ə.Həsənovun sözlərinə görə, dünyanın heç bir yerində əmanətlərin tam sığortalanması yoxdur:

"Bu, yalnız Azərbaycanda var, o da müvəqqəti. Bütün ölkələrdə maksimal məbləğ var, müəyyən həddə qədər qoyulan əmanətlər qorunur. Əmanətlərin tam sığortalanması bütün dünyada niyə yoxdur? Ona görə ki, aparıcı banklar çox riskli faizlərlə əmanət qəbul etməyə başlayırlar, sonra da o pulu qaytarmaq haqqında düşünmürlər ki, onsuz da dövlət qaytaracaq. Digər tərəfdən yüksək faizlə əmanət qəbul ediləndə təbii olaraq kreditlər də yüksək faizlə verilir. Bu baxımdan mən şəxsən bu qanunun əleyhinə olmuşam - o vaxt da, indi də. Biz bunun mənfi nəticələrini gördük. Əmanətlərin tam sığortalanması ona gətirib çıxartdı ki, əmanətçilər ən yüksək faiz təklif edən banklara üz tuturlar. Həmin banklar isə kreditləri də ən yüksək faizlə verirlər. Amma hansısa limit olanda pulu çox olan əmanətçilər məcburən o pulu banklar arasında bölüşdürürlər. Bu halda banklar arasında müəyyən rəqabət yaranır, həmçinin aşağı faizlə kredit təmin edilmiş olur”.

Ekspert onu da vurğuladı ki, əmanətlər sığortalansa da, bank müflis olanda onu dövlət qaytarmır. Bu zaman bankın əmlakı Zəmanət Fondu tərəfindən satışa çıxarılır və əldə edilən vəsait əmanətlərin qaytarılmasına yönəldilir:

"Lakin burada bir məqam var: bankda yalnız fiziki şəxslərin əmanətləri olmur, biznesmenlərin, sahibkarların vəsaitləri olur ki, onlar batır. Burdan isə belə çıxır ki, biznesin hesabına fiziki şəxslərin pulu sığortalanır. Bunun nəticəsində də biznesmen bankda pul saxlamaqdan qorxur. Bu baxımdan mən belə hesab edirəm ki, bu qanunun bərpa edilməsinə ehtiyac yoxdur. Edirlərsə belə, gərək bunu qanun qüvvədən düşməmişdən əvvəl edəydilər”.

Ə.Həsənovun sözlərinə görə, bəzi banklarda xarici əmanətçilərin çox iri məbləğdə, milyonlarla pulu var:

"Bunlar qorxurlar ki, həmin əmanətçilər gəlib pullarını çıxaracaqlar, ona görə də qanunu bərpa edirlər. Amma həmin əmanətçilər artıq bizi qeyri-ciddi qəbul edirlər. Çünki 9 ay söhbətinin özü də qeyri-ciddidir. İndi hamıda belə bir fikir formalaşacaq ki, ötən il 1 il uzatdılar, bu il 9 ay, bu da o deməkdir ki, dekabrdan sonra müddət uzadılmayacaq. Bax bu təhlükəyə görə də onlar əmanətlərini çıxaracaqlar”.

İqtisadçı qeyd etdi ki, martın 4-dən ötən günlər ərzində hansısa bank bağlansaydı, böyük miqdarda əmanət təhlükə altına düşərdi:
"Martın 4-dən etibarən 30 mindən yuxarı əmanəti olan hər kəsin bankdakı vəsaiti təhlükədə idi. Onsuz da hamı gedib təhlükəli banklardakı əmanətini bölüşdürdü. Amma xarici əmanətçilər bunu edə bilmədilər”.

Qeyd edək ki, qlobal iqtisadiyyatda baş verən böhran prosesləri fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirmək məqsədilə 2016-cı il 19 yanvar tarixində "Əmanətlərin tam sığortalanması haqqında" qanun qəbul edilib. 2016-cı il martın 4-dən qüvvəyə minən həmin qanuna görə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanıb. Daha sonra, 19 fevral 2019-cu il tarixində qanuna edilmiş dəyişikliklər əsasında həmin müddət 1 il (04 mart 2020-ci ilə qədər) uzadılıb.

Qaynarinfo