Energetika naziri: "Vyana görüşündə hasilatla bağlı yeni qərarlar qəbul oluna bilər"

08.05.2019 İqtisadiyyat
"OPEC+ formatı çərçivəsində gələn ay Vyanada (Avstriya) keçiriləcək iclasda yeni qərarlar qəbul edilə bilər".

"Kommersant.az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib.

"Nazirlər səviyyəsində ötən dövrdə neft bazarında baş verən hadisələr, neft bazarının tənzimlənməsi üçün lazım olan addımlar müzakirə olunacaq. Ola bilsin ki,müzakirələrin nəticəsi olaraq növbəti dövr üçün, yəni cari ilin II yarısı üçün yeni qərarlar qəbul edilsin. Amma bu ehtimaldır. Söhbət hasilatın həcmindən gedir. Mövcud bazardakı vəziyyətdən asılı olaraq hasilatın artırılması və yaxud azaldılması ilə bağlı vaxtaşırı qərarlar verilir. İyun ayında keçiriləcək konfransda da bu cür qərarların qəbul edilməsi mümkündür", - nazir qeyd edib.

O, hazırda dəqiq qərarın nə olacağını deməyin çətin olduğunu bildirib: "Hazırda neft bazarına təsir göstərən bir çox amillər mövcuddur.Fundamental prinsip olan tələb-təklif prinsipi hər zaman işləmir. Bir sıra digər amillər, o cümlədən geosiyasi vəziyyətdən irəli gələn hallar ortaya çıxır. Bunlar hamısı mövcud vəziyyətə təsir göstərir. Venesueladakı vəziyyət, digər mövcud münaqişələr hamısı neft bazarına və neft qiymətlərinə təsirini göstərməkdədir".

Yeni qərar qəbul olunarsa Azərbaycanın qoşulub qoşulmayacağına gəlincə nazir qeyd edib ki, OPEC+ çərçivəsində əməkdaşlıq, Azərbaycanın bu təşəbbüsə qoşulması son nəticədə ölkə iqtisadiyyatına müsbət təsir göstərir: "Neftin qiyməti stabilləşir. Düşünürəm ki,b iz bu təşəbbüsdə fəaliyyətimizi davam etdirəcəyik. Amma hələ qərar vermək tezdir. Vəziyyətin və qərarın necə olacağını gözləmək və ondan sonra Azərbaycanın qərara qoşulub qoşulmayacağından danışmaq olar".

İrana qarşı sanksiyaların bazara təsirinə gəlincə isə nazir qeyd edib ki, sanksiyaların sərtləşdirilməsi bazarda neft ehtiyatlarının azalması ilə nəticələnəcək: "Ümumilikdə isə prosesə nə cür təsir edəcəyini demək çətindir. Ona görə ki, hazırda dünya iqtisadiyyatının artım tempunun 3,6%-dən 3,1%-ə azaldığını müşahidə edirik. Bundan başqa, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ehtiyatları az da olsa artmaqdadır. Bu amilləri də nəzərə almaq lazımdır. Düşünürəm ki, sanksiyalar hazırda bazara radikal təsir göstərməməlidir. Amma bunu vaxt göstərər".