USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycan qazı yüksək tələbat olan Avropa bazarında özünə layiqli yer tutacaq"

30.05.2018 İqtisadiyyat
0 0
“Xəzər neft, qaz, neftayırma və neft kimyası” konfransı artıq 25 ildir keçirilir. Bu günkü yubiley konfransında da dünyanın enerji nəhənglərinin təmsilçiləri iştirak edirlər”.

"Kommersant.Az" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev adıçəkilən konfransdakı çıxışında deyib.

"Bu şirkətlərin bir çoxu dünyanın neft-qaz sənayesində aparıcı rola malik olmaqla, bu sahənin sütunları sayılır və ötən müddətdə həm Azərbaycanın, həm də regionun inkişafında mühüm rol oynayblar. Onlar müstəqillik illərində Azərbaycanın neft-qaz sənyesində SOCAR-la çiyin-çiyinə çalışıb və olkə iqtisadiyyatının inkişafına töhfələrini veriblər. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfdaşlarımızın xidmətlərini daim yüksək qiymətləndirir. O deyib: "Əməkdaşlıq və sərmayə tarixi olmadan bugünkü nailiyyətlərimiz mümkünsüz olardı". Fürsətdən istifadə edərək dəyərli qonaqlarımızı bir daha səmimi salamlayır, onlara "xoş gəlmisiniz" deyirəm!", - deyə o, qeyd edib.

R.Abdullayevin sözlərinə görə, Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən 25 il əvvəl hazırlanmış enerji strategiyası Xəzər dənizi hövzəsində beynəlxalq əməkdaşlıq üçün əlverişli zəmin yaratmış və regionun enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişib: "Azərbaycan enerji təhlükəsizliyini uzun müddət üçün təmin etməklə yanaşı regionun makroiqtisadi yüksəlişində əhəmiyyətli rola, etibarlı və stabil investisiya mühitinə sahib olub. "Əsrin müqaviləsi" və transmilli şirkətlərlə birgə səmərəli əməkdaşlığımız, Xəzərin Azərbaycan sektorundakı dərinsulu yataqların işlənməsi üçün ölkəmizə zəruri maliyyə vəsaitləri və texnologiyalar cəlb etdi. Həmin resursların səmərəli idarə olunması sayəsində böyük uğurlar qazandıq. Bir tərəfdən əldə edilən maliyyə vəsaitləri sərmayə olaraq dəyər zəncirimizin müxtəlif həlqələrinə yatırıldı, o biri tərəfdən dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığımızı beynəlxalq müstəviyə gətirməyə müvəffəq olduq. Xarici tərəfdaşlarımız da bu güvənli əməkdaşlıqdan məmnun qalmışlar. Qarşılıqlı faydalı tərəfdaşlığımız nəticəsində 2017-ci ilin sentyabrında hələ "Əsrin müqaviləsi" yekunlaşmadan, "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsinin 2050-ci ilə qədər birgə işlənməsinə dair yeni sazişin imzalanması məhz bu məmnunluğun ifadəsidir. Tərəfdaş şirkətlərin ölkəmizə kapital qoyuluşunu daha da artıracağına təminat verən bu yeni saziş eyni zamanda onların Azərbaycana göstərdikləri yüksək etimadın təzahürüdür".

SOCAR prezidenti həmçinin qeyd edib ki, Azərbaqycan dünya neft sənayesinin beşiyi, qədim "Odlar diyarı" kimi tanınır: "SOCAR da dünyanın ən qədim neft sənayesinin varisi kimi bu tarixi ənənə üzərində qurulub. Milli hasilatçı şirkət kimi öz yoluna müstəqillik illərində başlamış SOCAR xüsusilə son 15 ildə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının müvafiq təlimatlarına uyğun olaraq qlobal transmilli şirkətə çevrilməkdədir. Həyata keçirilən nəhəng transmilli layihələr, o cümlədən beynəlxalq emal və kimya layihələri, qlobal neft və qaz ticarətinin genişlənməsi SOCAR-ın bu yolda inamla irəlilədiyini göstərir. Ölkə iqtisadiyyatında aparılmış dərin islahatlar çərçivəsində Azərbaycanın uğurlu enerji strategiyası zamanın aktual tələblərinə uyğun təkmilləşdirilib. Maliyyə imkanları və beynəlxalq rəqabət qabiliyyəti yüksəlmiş Azərbaycan sərmayə cəlb edən ölkə olmaqla yanaşı, həm də xarici bazarlarda iri tutumlu investisiya proqramları həyata keçirən ölkəyə çevrilib. Müstəqil dövlətimizin strateji aktivi olan SOCAR bu tarixi missiyada lokomotiv rolunu öz üzərinə götürməklə, ölkə daxilində nəhəng ixracyönümlü enerji layihələri həyata keçirib, eyni zamanda xarici bazarlar kəşf edərək, qətiyyətli bir investor kimi perspektivli bazarlara daxil olmağı bacarıb. Şirkətin bu yeni biznes inkişafı strategiyası Prezident İlham Əliyev cənablarının bizə göstərdiyi istiqamətləri və gələcəyə baxışını əks etdirir".

Bundan başqa, onun sözlərinə görə, bir neçə il əvvəl Azərbaycanın zəngin təbii qaz ehtiyatlarını realizə etmək üçün qarşımızda müxtəlif imkanlar mövcud olsa da Avropaya ixrac kəmərinin tikilməsinə üstünlük verilib: "Hasil olunacaq qaz həcmlərinin dünya bazarlarına çıxarılması təşəbbüsü ilə çıxış edərək, Cənub Qaz Dəhlizi layihəsinin əsas ideya müəllifi Azərbaycan oldu. Bu, müxtəlif ölkələrin qanunvericiliyinə əsaslanan, iki qitədə və bir neçə ölkədə həyata keçirilən kifayət qədər mürəkkəb bir meqa-layihədir. Buna baxmayaraq, bu gün biz artıq təbii qazın Xəzər dənizindən Avropaya nəql olunmasının bir addımlığındayıq. Türkiyəyə ilk kommersiya qazının çatdırılması üçün lazım olan bütün infrastruktur artıq yekunlaşmışdır. Dünən Cənub Qaz Dəhlizinin Türkiyəyə qədər olan hissəsi istismara verildi, iyunun 12-də isə SOCAR-ın operator olduğu TANAP layihəsinin istismara verilməsi planlaşdırılır. Beləliklə, bu möhtəşəm layihə başa çatmaq üzrədir: 4 seqmentdən 3-ü artıq istifadəyə verilir. Əminəm ki, ən yaxın zamanda bu uzunmüddətli çalışmaların bəhrələrini görə biəcəyik".

R.Abdullayev mMövzuya uyğun olaraq, SOCAR-ın fəaliyyət istiqamətlərini məhz bu perspektivdən təhlil etmək istədiyini deyib: "İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Cənub Qaz Dəhlizi başda olmaqla həyata keçirilən bütün bu layihələrin aparıcı qüvvəsidir və mərkəzindədir və bu layihələrdən həm region ölkələri, həm də müxtəlif şirkətlər bəhrələnir. Yeni qaz nəqli marşurutuna malik olduqdan sonra Azərbaycan öz maye qazını istədiyi istiqamətdə realizə edəcək. Bu isə ölkənin iqtisadi müstəqilliyini və beynəlxalq mövqeyini gücləndirəcəkdir. Həmçinin Azərbaycan Cənub Qaz Dəhlizini açmaqla 3-cü tərəflərin bu layihəyə qoşulmasına, xarici tərəfdaşlarımızın da maliyyə gəlirlərini artırmalarına əlverişli şərait yaratmışdır. Region ölkələri olan Gürcüstan və qardaş Türkiyə də bu nəhəng layihədən mənfəət əldə edəcək, həm də tranzit ölkə olaraq beynəlxalq mövqelərini möhkəmləndirəcək".

"Hazırda Avropa ən perspektivli qaz bazarıdır. İnanırıq ki, Azərbaycan qazı Avropa bazarında yaxın gələcəkdə artan tələbatla mövcud təchizat arasında yaranacaq boşluğu dolduracaq və bütün hazırkı qaz təchizatçıları ilə bərabər yüksək tələbat olan bu bazarda özünə layiqli yer tutacaq, - deyə o, əlavə edib.

SOCAR prezidentinin sözlərinə görə, şirkətin fəaliyyət istiqamətləri neft-qaz hasilatı və nəqli ilə məhdudlaşmır: "Ölkəmizin karbohidrogen ehtiyatları emal və kimya sənayesinin inkişafı üçün mühüm stimuldur. Bu gün SOCAR emal və kimya sənayesinə öz töhfəsini verməklə, neft və qaz sənayesindən əldə etdiyi gəlirlərə əlavə dəyər qatır. Bu istiqamətdə gerçəkləşdirilən layihələr mövcud sənaye müəssisələrimizlə inteqrasiya ediləcək və onların effektivliyi daha da artırılacaq. Respublikamızda neft-qaz emalı və kimya sənayesi ölkə iqtisadiyyatının artan templərinə uyğun olaraq durmadan inkişaf edir. Heydər Əliyev adına Neft Emalı Zavodu və "Azərikimya" İB-də mövcud emal və neft-kimya qurğularının modernləşdirilməsi, yenidən qurulması, yeni qurğuların inşa olunması məqsədi ilə aparılan tədbirlər məhsulların kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsinə, Avropa standartlarına uyğunlaşdırılmasına xidmət edir. SOCAR eyni zamanda ölkədə istehsal olunan neft və qaz emalı məhsullarının çeşidinin artırılması üçün yeni layihələr icra edir. Artıq bu il istismara veriləcək SOCAR Polymer, Karbamid zavodu, Türkiyədə STAR neft emalı zavodu layihələri iqtisadiyyatımızın şaxələndirilməsi, aqrar sənayenin və qeyri-neft sektorunun inkişafı, habelə region bazarlarının etibarlı təminatı baxımından əhəmiyyətli rola malikdir.

Sumqayıt Kimya Sənaye Parkının tərkibində yaradılan SOCAR Polimer layihəsi çərçivəsində, ölkəmizdə əvvəllər istehsal olunmayan, lakin dünya bazarlarında böyük tələbat duyulan polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı üçün yeni qurğular quraşdırılır. Zavodda istehsal ediləcək polimer məhsulları müxtəlif istehlak məhsullarının istehsalı üçün xammal kimi istifadə ediləcək, bu da öz növbəsində, ölkə daxilində orta və kiçik sahibkarlığın inkişafı üçün münbit şərait yaradacaq. Həmçinin cari ildə Yeni Qaz Emalı Kompleksinin tikintisinə başlanması planlaşdırılır. Kompleksdə təbii qaz, xüsusən də səmt qazı karbon qazından təmizlənəcək. C2+ fraksiyalar qazın tərkibindən ayrılaraq polimer məhsullarının istehsalı üçün istifadə ediləcək, təmizlənmiş yanacaq qazı isə ölkə təsərrüfatına veriləcək. Yeni Qaz Emalı Kompleksi ilə bağlı xarici investorlarla aparılan danışıqlarda layihəyə böyük maraq müşahidə edilir. Bu layihəyə maraq göstərən yeni tərəfdaşlarla da danışıqlar aparmağa hazırıq".

O, həmçinin bildirib ki, bu gün SOCAR dünyanın müxtəlif ölkələrində neft və qaz məhsullarının nəqli üçün zəruri olan magistral boru kəmərləri, gəmilər, liman terminalları kimi logistik imkanlara malikdir: "Təbii ki, müasir qlobal infrastrukturun qurulması şirkətin dünya brendinə çevrilməsinin əsas şərtlərindən biridir. Biznes portfelimizin davamlı şaxələndirilməsi və beynəlxalq neft bazarında payımızın artırılması da diqqətəlayiq nailiyyətlərdəndir. Bununla belə şirkətimiz öz ənənəvi fəaliyyət sahələri olan – kəşfiyyat və hasilat üzrə qarşısında duran məsələləri bir an belə diqqətindən yayındırmır və son dövrdə bu sahələrdə ciddi uğurlara imza atıb. Artıq SOCAR öz imkanları ilə müasir dərin dəniz özüllərini inşa edir, quraşdırır, istismar edir, böyük dərinlikdə, anomal təzyiqli və anomal temperaturlu quyularda qazma işlərini yüksək səviyyədə yerinə yetirir, yeni yataqları kəşf edir. Məhz kəşfiyyat və hasilat sahələrində əldə edilən uğur SOCAR-ın beynəlxalq investisiyaları, qlobal əməliyyatlarının genişlənməsi üçün şərait yaradıb".

"Azərbaycanın qədim neft və qaz sənayesi öz zəngin inkişaf tarixinin yeni dövrünü yaşayır. Bütün sahələr - kəşfiyyat, hasilat, logistika, neft-qaz emalı və kimyası, informasiya texnologiyaları, insan resursları və s. üzrə mövcud potensialını ildən-ilə artırmaqla respublikamızın dayanıqlı inkişafının etibarlı təməlini daha da möhkəmləndirir. Rəqəmsallaşma sahəsində SOCAR-da apardığımız islahatlar həm də ölkədə və regionda sənayenin və yüksək informasiya texnologiyalarının inkişafı üçün münbit zəmin yaradır.

Əminəm ki, Şirkətimiz bundan sonra da Azərbaycan iqtisadiyyatının sürətli templərlə inkişafına, regional və qlobal əməkdaşlığın genişlənməsinə, ölkəmizdə, bölgəmizdə və bütün dünyada enerji təhlükəsizliyinin möhkəmlənməsinə yönəlmiş missiyasını layiqincə davam etdirəcək", - deyə R.Abdullayev çıxışını yekunlaşdırıb.