"Azərbaycanda təhsil və elm xərcləri olduqca aşağıdır".
"Kommersant.Az"ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.
"Azərbaycanın 2017-ci il dövlət büdcəsinin cəmi xərclərinin 0,6%-i elm xərclərinin payına düşüb. Bu da, təxminən, 118 mln. manat vəsaitdir. Bu az vəsaitin isə 8 mln. 220 min manatı istifadə olunmayıb. Buna aydınlıq gətirilməldiir. İEÖ-də isə məcmu xərclərin 4%-i elmə ayrılır", - deputat deyib.
Q.Həsənquliyevin sözlərinə görə, Azərbaycanda büdcə xərclərinin 10,6%-i təhsil xərclərinin payına düşüb, bu da olduqca azdır: "Elmə və təhsilə vəsait ayrılmadan ölkənin sürətli inkişafını təmin etmək çətindir".
O qeyd edib ki, məktəbəqədər təhsildə problemlər mövcuddur, bu sahə üçün 170 mln. manat ayrılıb və bunun da 17 mln. manat kəsirdir.
O bildirib ki, Azərbaycanda xarici tələbələr hesabına, xüsusilə də İran və Orta Asiyadan tələbələr dəvət etməklə gəlir əldə etmək mümkündür: "Ancaq bizim universitetlərin yataqxana problemləri var. Bu da buna imkan vermir".