USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İşğal olunmuş ərazilərində ətraf mühitə dəyən zərər beynəlxalq konfransda müzakirə olunub

05.06.2018 İqtisadiyyat
0 0
Bu günlərdə Azərbaycan Respublikası Ombudsman Aparatının şöbə müdirinin müavini Zaur Vəliməmmədli Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib.

Bu barədə "Kommersant"a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Makedoniya Respublikasının Ombudsman İnstitutunun yaranmasının 20 illiyinə həsr olunmuş konfransda Avropa ölkələrinin milli insan hüquqları institutları ilə yanaşı, Yaxın Şərq və bir sıra ərəb ölkələrinin insan hüquqları institutlarının rəhbərləri və nümayəndələri də iştirak ediblər.

Konfransda ətraf mühitin insan hüquqlarına təsiri, əhalinin həssas təbəqələrinin hüquqlarının, sosial və mədəni hüquqların müdafiəsi və digər məsələlər müzakirə olunub.

Tədbirin gündəliyinə uyğun olaraq Z.Vəliməmmədli iştirakçılara Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın insan hüquqlarının səmərəli müdafiəsi, onun BMT, Avropa Şurası və digər beynəlxalq qurumlar ilə əməkdaşlığı barədə məlumat verib. O, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, işğal olunmuş ərazilərin qeyd-şərtsiz azad edilməsini tələb edən BMT-nin məlum 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının qətnamə və tövsiyə qərarlarının hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib.

Bu işğal nəticəsində bir milyondan çox soydaşımızın öz doğma yurdlarından didərgin düşdüyünü bildirən Ombudsman Aparatının əməkdaşı, eyni zamanda, işğal nəticəsində nəzarətsiz qalan ərazilərdə ətraf mühitə ciddi şəkildə zərər vurulduğunu və bunun, öz növbəsində, mənfi təsirini bu ərazilərə göstərdiyini vurğulayıb. Belə ki, həmin ərazilərdə yaşayan insanlar uzun illərdir ki, ciddi şəkildə içməli su problemi ilə üzləşməkdədirlər. Bu barədə ombudsmanın BMT-nin İnsan Hüquqları Şurasına yazılı bəyanatının və həmçinin bu qurumun xüsusi reportyorlarına məsələ ilə bağlı narahatlıqların əks olunduğu müvafiq məlumatlar göndərildiyi iştirakçıların diqqətinə çatdırılıb.

Müasir dövrümüzdə ətraf mühitlə bağlı problemlərə lokal səviyyədə deyil, daha çox qlobal səviyyədə diqqət yetirilməsinin önəmini vurğulayan Z.Vəliməmmədli dünyanın ən fəal seysmik zonalarından birində fəaliyyət göstərən, Sovet İttifaqı dövründə Ermənistanda istismara verilmiş, bu gün isə istismara qətiyyən yararsız olan "Metsamor" Atom Elektrik Stansiyasının ekoloji baxımdan ətraf ölkələr üçün ciddi bir təhlükə mənbəyi olduğuna diqqət çəkib, bununla bağlı beynəlxalq qurumlar tərəfindən verilən rəyləri iştirakçılar ilə bölüşüb. Müvəkkil E.Süleymanovanın bununla bağlı narahatlıqlarını əks etdirən yazılı bəyanatının BMT-nin İnsan Hüquqları Şurasına təqdim olunduğu da vurğulanıb.

  • Əvvəlki

    Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının 2018-ci ildə birinci nömrəsi çap olunub

Digər xəbərlər