ABŞ ölkənin ən uzunmüddətli müharibəsinə son qoymaq və əsgərləri evə qaytarmaq üzərində işləyir.
"Kommersant.az" RİA Novosti-yə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Taliban"la razılaşmanın imzalanmasından sonra deyib.
D.Tramp bildirib: "Biz, nəhayət, Amerikanın ən uzunmüddətli müharibəsinə son qoymaq və qoşunlarımızı evə qaytarmaq üzərində işləyirik".
Xatırladaq ki, fevralın 29-da ABŞ və "Taliban" Qətərdə sülh razılaşması imzalayıblar. Saziş ABŞ-ın Əfqanıstandakı qoşunlarının şəxsi heyətinin sayını 135 gün ərzində 12 mindən 8,6 min nəfərə qədər azaltmağı, "Taliban"ın zorakılıqdan çəkinəcəyi təqdirdə, Birləşmiş Ştatların hərbçilərini və NATO qüvvələrini 14 ay ərzində bu ölkədən çıxarmağı nəzərdə tutur.
Əvəzində isə "Taliban" Əfqanıstan ərazisindən ABŞ-a və başqa ölkələrə hücum üçün istifadədən imtina etməlidir. Bundan başqa, tərəflər "daimi və hərtərəfli barışıq" haqqında da razılığa gəliblər.
Onu da xatırladaq ki, sazişi ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və "Taliban" hərəkatı liderinin müavini, hərəkatın Qətərdəki siyasi ofisinin rəhbəri molla Abdulla Qani Baradar imzalayıblar.