Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev bu ölkənin mədən, neft və təbii qaz naziri Ato Motuma Mekassa ilə görüşüb.
"Kommersant" AZƏRTAC-a istinadən xəbər verir ki, səfir ölkələrimiz arasında müvafiq sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruriliyini vurğulayıb. O, enerji sahəsində ölkəmiz tərəfindən görülmüş işlərə toxunaraq, Bakı–Tbilisi–Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərlərinin qlobal və regional strateji əhəmiyyəti və bu layihələrin həyata keçirilməsində ölkəmizin rolu barədə məlumat verib. Qeyd edib ki, həmin beynəlxalq neft və qaz kəmərləri vasitəsilə Xəzər hövzəsindən, eləcə də Mərkəzi Asiya regionundan enerji daşıyıcılarının Avropaya nəql edilməsi region dövlətlərinin iqtisadi inkişafına ciddi töhfə verəcək. Diplomat Bakı-Tbilisi-Qars dəmir yolu xətti barədə məlumat verərək, ölkəmiz tərəfindən aparılan siyasət nəticəsində Çin və digər Şərqi Asiya ölkələrindən Avropaya yükdaşımaların asanlaşdırıldığını vurğulayıb. Qeyd olunan infrastruktur layihələrin həyata keçirilməsi nəticəsində ölkəmiz tərəfindən tarixi İpək yolunun bərpasına böyük töhfə verildiyi diqqətə çatdırılıb.
E.Abdullayev, həmçinin ölkəmizin iqtisadiyyatında aparılan islahatlar, qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilmiş tədbirlər, eləcə də turizm, kənd təsərrüfatı və digər sahələrdə əldə edilmiş nailiyyətlərlə bağlı geniş danışıb. Bundan başqa, diplomat Ermənistanın işğalçılıq siyasətinə toxunub və bu siyasət nəticəsində Ermənistanın bütün beynəlxalq və regional layihələrdən kənarda qaldığını qeyd edib.
Səfir Azərbaycan və Efiopiya arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və Efiopiyanın ölkəmizin bu sahədəki təcrübəsindən faydalanması üçün əməkdaşlığa hazır olduğumuzu diqqətə çatdırıb. O, ölkəmizin enerji siyasətinin bütün regionun inkişafını təmin etdiyini nəzərə alaraq, bu təcrübənin bölüşülməsi, efiopiyalı neft və qaz mütəxəssisləri üçün tədris kurslarının təşkili, bu sahədə Efiopiya vətəndaşları üçün ali təhsil almaq imkanın yaradılmasının mümkünlüyünü bildirib, müxtəlif illərdə 800-ə yaxın efiopiyalının ölkəmizin bir sıra təhsil müəssisələrində təhsil aldıqlarını vurğulayıb.
Efiopiyalı nazir Ato Motuma Mekassa ətraflı məlumata görə təşəkkür edib və ölkəsinin enerji sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsində maraqlı olduğunu bildirib. Nazir enerji sahəsində əlaqələrimizin genişləndirilməsi üçün əməkdaşlıq proqramının hazırlanması fikrini alqışladığını qeyd edib.
Görüşdə gələcəkdə qeyd olunan sahədə əməkdaşlığın istiqamətlərini müəyyən edəcək müqavilə-hüquq bazasının yaradılması və qarşılıqlı səfərlərin həyata keçirilməsi məsələləri müzakirə edilib.