Rusiyanın planı bəlli oldu

04.11.2020 İqtisadiyyat
“Paşinyan getməyincə Rusiya kömək etməyəcək”.

"Kommersant.az" xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevlə, bundan bir gün əvvəl isə Ermənistanın baş naziri Nikol Paşinyanla telefon söhbəti olub.

Kremlin mətbuat xidmətinin məlumatına görə, söhbətlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ətraflı müzakirə edilib.

Politoloq Hikmət Hacızadə bu zənglərin geniş məzmunu barədə ancaq təxminlər söyləməyin mümkün olduğunu deyir.

O, "Azadlıq" radiosuna şərhində bildirib ki, ola bilsin Vladimir Putin ümumi sözlərlə tərəfləri danışıqlara, münaqişəni dayandırmağa çağırıb.

Politoloq vurğulayıb ki, müharibənin başlanğıcında Ermənistan Rusiya tərəfinin təkliflərini qəbul etmirdi, Azərbaycan isə şərtlərini irəli sürdü.

H. Hacızadə hesab edir ki, N.Paşinyan hakimiyyətdən getməyincə Rusiya Ermənistana kömək etməyəcək: "Hələlik, Rusiyanın planı belədir".

Onun fikrincə, Rusiya indiki mərhələdə Azərbaycana təzyiq göstərə bilməyəcək, çünki Azərbaycan ağıllı taktika tətbiq edir: "Ermənistana hücum etmir. Rusiyanın Ermənistandakı hərbi bazasına Azərbaycan tərəfdən təhlükə yoxdur".

H. Hacızadə qeyd edib ki, ərazi bütövlüyü Azərbaycanın qırmızı xəttidir.

O bildirib ki, sülhməramlı qüvvələr isə bölgəyə o zaman gətirilə bilər ki, Ermənistan qoşunları Azərbaycandan çıxarılsın: "Bu isə hələ baş verməyib. Odur ki, sülhməramlı adı ilə Rusiya qoşunları bölgəyə gətirilə bilməz və məqbul da deyil".

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın isə bildirib ki, V.Putin son vaxtlar bir neçə dəfədir ki, həm Azərbaycan prezidenti, həm də Ermənistan baş naziri ilə telefonla danışıb. O əlavə edib ki, amma daha çox Ermənistan tərəfi ilə əlaqə saxlanıb.

İ. İsmayılın qeyd edib ki, əvvəlki zənglər humanitar atəşkəslə bağlı idisə, bu sonuncu bir az kritik zəngdir: "Bu zəngdə Azərbaycanın yox, Rusiyanın maraqları ortaya qoyulur. Burada Rusiyanın maraqları ondan ibarətdir ki, Qarabağ məsələsi sona qədər çözülməsin, yəni, hər iki tərəfi sülhməramlı qüvvələrin regiona gətirilməsinə razı salmaqdır. Əvvəl Nikol Paşinyan da buna razı deyildi, indi vəziyyət gərginləşəndən sonra o bu ssenarini qəbul edir. Amma dəqiq məlum deyil ki, bu danışıqlarda sülhməramlılar məsələsi qoyulub ya yox?".

İ. İsmayıl da hesab edir ki, Ermənistan qoşunları işğal edilən Azərbaycan ərazilərindən çıxarılmayınca sülhməramlılar bölgəyə gətirilə bilməz.

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli də mövzu ilə bağlı "Turan" agentliyinə bildirib ki, Rusiya Qarabağda baş verən hadisələrin son mərhələsində söz sahibi olmaq istəyir: "Birinci mərhələdə Azərbaycan öz ərazisini təmizləyir, Rusiya buna qarışa bilmir. Çünki müharibə Azərbaycan ərazisində gedir. Rusiyanın həm də daxilən Cənubi Qafqaz regionuna nüfuz zonası kimi baxmaq istəyi var".

Sədr müavini deyib ki, indiki məqamda Azərbaycan hər hansı kompromisə getməyəcək, çünki Ermənistan tərəf məğlubiyyətini etiraf etmir, müharibəni indi də davam etdirir.AzPolitika