USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təhsil müəssisələri bu hallarda akkreditasiyadan keçirilməyəcək

16.12.2020 İqtisadiyyat
0 0
Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün yeni prosedur müəyyənləşib.

Nazirlər Kabinetinin təsdiqlədiyi "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın yeni redaksiyasına əsasən, təhsil müəssisəsinin akkreditasiyasının aşağıdakı növləri var:

- təhsil müəssisəsinin institusional akkreditasiyası;

- təhsil proqramlarının akkreditasiyası.

İnstitusional akkreditasiya təhsil müəssisəsinin ümumi fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına, digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, hər bir ixtisas üzrə kadr hazırlığı potensialının, təhsilalanların say həddinin müəyyənləşdirilməsi və müəssisənin fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Təhsil proqramının akkreditasiyası qüvvədə olan müvafiq təhsil pillələri üzrə təsnifatlara istinadən təşkil olunaraq, təhsil müəssisələrində tədris edilən təhsil proqramlarının maddi-texniki və tədris bazasını, təhsilverənlərin keyfiyyət göstəricilərini və təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinin əmək bazarının tələblərinə uyğunluğunu və proqramın icrasını qiymətləndirərək hər bir ixtisas üzrə kadr hazırlığı potensialının və təhsilalanların say həddinin müəyyən olunmasına hüquqi təminat yaradır.

Təhsil müəssisəsinin akkreditasiyası aşağıdakı mərhələlərdən ibarətdir:

- hazırlıq mərhələsi;

- qiymətləndirmə mərhələsi;

- akkreditasiyaya dair qərarın verilməsi.

Hazırlıq mərhələsində təhsil müəssisəsinə akkreditasiyanın başlanılmasına dair rəsmi məlumatın göndərilməsi, təhsil müəssisəsinin ərizəsinin və akkreditasiya üçün tələb olunan sənədlərin elektron informasiya sisteminə yüklənilməsi, müraciətin və sənədlərin ilkin qiymətləndirilməsi və Akkreditasiya Komissiyasının yaradılması prosesləri mərhələlərlə həyata keçirilir. Qiymətləndirmə mərhələsində Akkreditasiya Komissiyası tərəfindən təhsil müəssisəsinin institusional fəaliyyətinin və onun təhsil proqramlarının icrasının məsafədən, aşağıda göstərilən hallarda isə yerində qiymətləndirilməsi həyata keçirilir:

- ali təhsil pilləsi üzrə akkreditasiya keçirildikdə;

- yeni fəaliyyətə başlamış təhsil müəssisəsinin ilk akkreditasiyası keçirildikdə;

- növbədənkənar akkreditasiya keçirildikdə;

- təkrar akkreditasiya keçirildikdə;

- bu Qaydalarda göstərilmiş sənədlərdə uyğunsuzluqlar və ya çatışmazlıqlar müəyyən olunduqda;

- təhsil müəssisəsinin fəaliyyəti və ya təhsil proqramlarının icrasının keyfiyyəti ilə bağlı maraqlı tərəflərin (təhsilalan, təhsilverən, işəgötürən və s.) nümayəndələrindən əsaslı şikayətlər daxil olduqda;

- TMİS vasitəsilə sonrakı qiymətləndirilmə zamanı Akkreditasiya Meyarlarının üçdə bir hissəsi üzrə nəticələrin aşağı düşməsi müəyyən olunduqda.

Akkreditasiyaya dair qərarın verilməsi mərhələsində Yekun Hesabatın təhsil müəssisəsi ilə Akkreditasiya Komissiyası arasında müzakirə olunması və akkreditasiya ilə bağlı müvafiq qərarın verilməsi prosesləri mərhələlərlə həyata keçirilir. Təhsil müəssisələrinin akkreditasiyası hər 5 ildən bir keçirilir. Akkreditasiya qüvvədə olan şəhadətnamələrin etibarlı olduğu sonuncu ildə təşkil edilir. Yeni fəaliyyətə başlamış məktəbəqədər və ümumi təhsil müəssisəsinin ilk institusional akkreditasiyası onların fəaliyyətə başladığı tarixdən 2 il sonra, digər təhsil müəssisələrinin ilk akkreditasiyası isə birinci məzun buraxılışından dərhal sonra həyata keçirilir. Yeni tədrisinə başlanılan təhsil proqramının ilk akkreditasiyası birinci tədris ili başa çatdıqdan dərhal sonra aparılır.

Təhsil müəssisələrinin akkreditasiyası hər təqvim ili üzrə hazırlanmış və aprel ayından gec olmayaraq Agentlik tərəfindən təsdiq edilmiş qrafik üzrə həyata keçirilir. Təhsil müəssisəsinin və ya proqramının növbədənkənar akkreditasiyası aşağıdakı hallarda keçirilə bilər:

- təhsil müəssisəsinin müraciəti əsasında;

- təhsil müəssisəsi fəaliyyət planının icrası üzrə öhdəlikləri yerinə yetirmədikdə;

- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu halda;

- təhsil müəssisəsinin fəaliyyəti və ya təhsil proqramlarının icrasının keyfiyyəti ilə bağlı maraqlı tərəflərin (təhsilalan, təhsilverən, işəgötürən və s.) nümayəndələrindən əsaslı şikayətlər daxil olduqda.

Agentlik aşağıdakı hallarda institusional və ya proqram akkreditasiyasının hər dövr üzrə yalnız 1 dəfə, ən çox 1 il müddətinə təxirə salınmasına dair müvafiq qərar qəbul olunması üçün Akkreditasiya Şurasına (akkreditasiyanın nəticələrinə dair qərar qəbul etmək səlahiyyətinə malik olan orqana) təqdimatla müraciət edir:

- təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə nəticələnən fövqəladə hallarda (təbii fəlakət, yanğın və s.);

- təsisçi dəyişdikdə və ya təhsil müəssisəsi yenidən təşkil edildikdə;

- digər dövlət qurumları tərəfindən təhsil müəssisəsində yoxlamalar aparıldıqda.

Akkreditasiyanın təxirə salınması ilə bağlı müvafiq qərar qəbul edildikdə, qüvvədə olan akkreditasiya şəhadətnaməsinin etibarlılıq müddəti 1 ilədək uzadılır. Növbəti akkreditasiyanın nəticələrinə dair Akkreditasiya Şurasının qərarı müsbət olduğu

halda, Agentlik tərəfindən akkreditasiya şəhadətnaməsinin etibarlılıq müddəti təxirə salınmış müddət qədər azaldılır.

Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə (TMİS) "Təhsil müəssisələrinin akkreditasiyası" elektron informasiya altsistemi yaradılır. Akkreditasiyaya dair müraciətlər yalnız elektron qaydada edilir. Həmin müraciətlər TMİS-də qeydiyyata alınır və hər bir təhsil müəssisəsinə sistemdə şəxsi kabinet açılır. Müraciət Agentliyə daxil olduqdan sonra təhsil müəssisəsinin müraciətdə göstərdiyi əlaqə telefonuna və elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramının nəticələri dövlət akkreditasiyası üçün nəzərə alınır. Ali təhsil proqramlarının akkreditasiyası yalnız Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Assosiasiyanın tam hüquqlu üzvü olan xarici keyfiyyət təminatı qurumları tərəfindən keçirildiyi təqdirdə, Yekun Hesabat və akkreditasiya şəhadətnaməsi bu Qaydalarda qeyd olunan sənədlərlə birlikdə sistemə daxil edilməlidir. Agentlik keçirilmiş akkreditasiyanın nəticələrini təhlil edərək müvafiq qərar qəbul olunması üçün Yekun Hesabatı Akkreditasiya Şurasına təqdim edir. Birgə təhsil proqramlarının akkreditasiyası bu proqramların təşkil edildiyi ölkələr arasında bağlanılan müqavilə üzrə müvafiq akkreditasiya qurumu tərəfindən həyata keçirilir. Dövlət akkreditasiyasının nəzərə alınması məqsədilə bu Qaydalara uyğun olaraq, hazırlanmış Yekun Hesabat və akkreditasiya şəhadətnaməsi bu Qaydalarda qeyd olunan sənədlərlə birlikdə proqramın iştirakçıları tərəfindən sistemə daxil edilməlidir. Agentlik keçirilmiş akkreditasiyanın nəticələrini təhlil edərək, müvafiq qərar qəbul olunması üçün Yekun Hesabatı Akkreditasiya Şurasına təqdim edir.

İnstitusional və proqram akkreditasiyalarının keçirilməsinə dair Agentlik sistem vasitəsilə təhsil müəssisəsinə bu Qaydaların tələblərini icra etdikdən sonra dərhal forması Agentlik tərəfindən təsdiqlənən bildiriş göndərir. Bildirişdə akkreditasiyanın əsası və tarixi, habelə təhsil müəssisəsinin akkreditasiyaya dair hüquq və vəzifələri göstərilir. İnstitusional və proqram akkreditasiyalarının keçirilməsi barədə bildirişi aldıqdan sonra təhsil müəssisəsi sistemdə akkreditasiyanın keçirilməsinə dair elektron ərizəni doldurur və aşağıda qeyd edilən sənədləri 3 ay müddətində sistemə yükləyir:

- təhsil müəssisəsinin nizamnaməsi;

- təhsil müəssisəsinin inkişaf strategiyası və fəaliyyət planı;

- təhsil müəssisəsinin özünütəhlil hesabatı və ona əlavələr;

- təhsil müəssisəsi tərəfindən daxili keyfiyyət təminatı siyasətini əks etdirən sənəd;

- daxili keyfiyyət təminatı üzrə müəssisənin fəaliyyətinə dair illik hesabat;

- təhsil müəssisəsi tərəfindən tərtib edilmiş müəssisənin elmi (pedaqoji) fəaliyyətinin və tədris prosesinin tənzimlənməsinə və təşkilinə dair tədris planları və digər müvafiq sənədlər;

- akkreditasiya olunan proqramlar üzrə tədris planına daxil olan fənlərin, dərsdənkənar məşğələlərin, dərnəklərin proqramları, sillabusları (işçi tədris proqramları) və (və ya) modulların təsviri;

- akkreditasiya olunan proqramlar üzrə təhsilalanların sayı və təhsilalanların qəbulu, yerdəyişməsi, köçürülməsi, bərpası və xaric edilməsi haqqında əmrlərin surəti;

- akademik (pedaqoji) heyətin siyahısı, professormüəllim heyətinin, ümumtəhsil və ixtisas fənn müəllimlərinin və istehsalat təlim ustalarının şəxsi uçot məlumatları;

- tədris planında nəzərdə tutulmuş bütün növ təcrübələr üzrə proqramlar, təcrübənin keçirildiyi müəssisələrlə bağlanılmış müqavilələrin surəti və təcrübənin nəticəsi barədə hesabat;

- ümumtəhsil müəssisəsi üzrə buraxılış sinif şagirdlərinin yekun attestasiyasının nəticələri, proqramlar üzrə bütün imtahanların nəticələri, diplom işləri haqqında məlumat və təhsilalanların yekun tezislərinin siyahısı;

- əvvəlki akkreditasiya qiymətləndirmə nəticələrinin icmalı və müvafiq Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrasına dair hesabat;

- birgə təhsil proqramını təklif edən təhsil müəssisələri arasındakı razılaşma (əgər varsa);

- başa çatmış hər tədris ili üzrə sentyabr ayının 10-dək TMİS vasitəsilə təqdim olunmuş Akkreditasiya Meyarlarına dair müvafiq məlumatların məcmusu;

- akkreditasiyaya görə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.

Təhsil müəssisəsi tərəfindən sistemə daxil edilmiş ərizə və əlavə olunan sənədlər Agentlik tərəfindən qiymətləndirilir və akkreditasiya üçün müraciətin qəbul edildiyi barədə qərar təhsil müəssisəsinin şəxsi kabinetinə göndərilir. Təhsil müəssisəsi tərəfindən nəzərdə tutulan məlumat və sənədlər sistemə tələb olunan qaydada daxil edildikdən sonra ərizənin qeydiyyata alınması tarixi, nömrəsi təhsil müəssisəsinə göndərilir və akkreditasiyanın keçirilməsi üçün Akkreditasiya Komissiyası yaradılır. Təhsil müəssisələrinin akkreditasiyasının qiymətləndirmə mərhələsində təqdim olunan sənədlərin araşdırılmasının, təhlil edilməsinin və məlumatların üzləşdirilməsinin nəticələri əsasında Yekun Hesabat hazırlanır. Təhlil və qiymətləndirmə Akkreditasiya Komissiyasına təqdim olunmuş sənədlərin araşdırılması, yerlərdə aparılmış müşahidələrin və təhlilin, təhsil müəssisəsinin bütün fəaliyyət istiqamətləri üzrə, o cümlədən rəhbərlik, inzibati və akademik heyət, təhsilalanlar, məzunlar və əmək bazarının nümayəndələri ilə müsahibələrin və təhsil müəssisəsinin fəaliyyətində maraqlı şəxslər (təhsilalanlar, məzunlar, müəssisənin işçi heyəti, işəgötürənlər və s.) arasında keçirilmiş rəy sorğusunun nəticələri əsasında həyata keçirilir.

Təhsil müəssisələrinin fəaliyyətinin və təhsil proqramlarının icrasının hər təhsil pilləsi üzrə dövlət təhsil standartlarının tələblərinə uyğunluğu müvafiq Akkreditasiya Meyarlarına əsasən aşağıdakı kimi qiymətləndirilir:

- uyğundur;

- əsasən uyğundur;

- qismən uyğundur;

- uyğun deyil.

Akkreditasiya Meyarları üçün müəyyən olunmuş maksimum bal ölçüsünün akkreditasiya zamanı toplanılan bal üzrə qiymətləndirilməsi aşağıdakı qaydada müəyyənləşdirilir:

- maksimum balın 91-100 faizi - "uyğundur";

- maksimum balın 76-90 faizi - "əsasən uyğundur";

- maksimum balın 61-75 faizi - "qismən uyğundur";

- maksimum balın 60 və daha aşağı faizi - "uyğun deyil".

Akkreditasiya Komissiyası tərəfindən Özünütəhlil Hesabatında göstərilən məlumatlar təhlil edilir və qiymətləndirilir. Təhsil müəssisəsinin Özünütəhlil Hesabatı onun rəhbərinin müvafiq əmri ilə müəssisədə yaradılmış Komissiya tərəfindən təhsil müəssisəsinin fəaliyyətində maraqlı tərəflərin, xüsusən də işəgötürənlərin və təhsilalanların nümayəndələrinin cəlb edilməsi ilə hazırlanır. Özünütəhlil Hesabatı təhsil müəssisəsinin Elmi Şurasının (Pedaqoji Şurasının) və ya nizamnaməyə uyğun olaraq digər səlahiyyətli idarəetmə orqanının müzakirəsinə təqdim edilir və yekun qərar əsasında təhsil müəssisənin rəhbəri tərəfindən təsdiq olunur. Bu Qaydalarda tələb olunan sənədlər akkreditasiya keçirilməzdən əvvəl sistem vasitəsilə Agentliyə təqdim edilir və 1 ay müddətində sənədlərə Agentlik tərəfindən baxılır. Qiymətləndirmədən sonra Akkreditasiya Komissiyası 1 ay müddətində Yekun Hesabatı hazırlayır və müzakirə üçün sistemə yükləyir. Əlavə araşdırmaların aparılması zərurəti yarandıqda, 2 ay müddətində Yekun Hesabatı hazırlayır və müzakirə üçün sistemə yükləyir. Yekun Hesabata əvvəlki akkreditasiya zamanı aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması barədə məlumatlar daxil edilir. Yekun Hesabatda təhsil müəssisəsinin və ya ayrı-ayrı təhsil proqramlarının Akkreditasiya Meyarları üzrə qiymətləndirilməsi ilə yanaşı, Akkreditasiya Komissiyası tərəfindən təhsil müəssisəsinin ümumilikdə və ayrı-ayrı proqramlar üzrə fəaliyyətinin standartlara uyğunluğunun təmin olunması üçün verdiyi tövsiyələr və digər aidiyyəti məlumatlar öz əksini tapır. Təhsil müəssisəsi Yekun Hesabat Agentlik tərəfindən sistemə yüklənildikdən sonra 10 gün müddətində həmin Hesabatla bağlı rəyini sistemdə qeyd edir. Rəy təqdim edildiyi tarixdən 5 gün ərzində təhsil müəssisəsi və Akkreditasiya Komissiyası Yekun Hesabatı müzakirə edir. Təhsil müəssisəsi ilə Akkreditasiya Komissiyası arasında Yekun Hesabatla əlaqədar razılaşma olmadığı təqdirdə, təhsil müəssisəsinin şikayəti əsasında tərəflərin iştirakı ilə Yekun Hesabata 10 gün müddətində Apellyasiya Komissiyasında baxılır. Apellyasiya Komissiyasının qərarından asılı olaraq Yekun Hesabatda müvafiq dəyişikliklər edilir və bu barədə təhsil müəssisəsinə məlumat verilir. Akkreditasiya Komissiyası tərəfindən imzalanmış Yekun Hesabat Agentliyə təqdim edilir və reqlamentə uyğun olaraq Akkreditasiya Şurasının müzakirəsinə çıxarılır. Akkreditasiya Şurası Agentliyin təqdimatı əsasında Yekun Hesabatı müzakirə edir və Akkreditasiya Komissiyasının rəyini nəzərə alaraq aşağıdakı qərarlardan birini qəbul edir:

- təhsil müəssisəsi və ya təhsil proqramları Akkreditasiya Meyarlarının bütün tələblərinə "uyğundur" və ya "əsasən uyğundur" hesab edildikdə, növbəti 5 il üçün (tam müddətli) akkreditasiya etmək;

- təhsil müəssisəsi və ya təhsil proqramları Akkreditasiya Meyarlarının tələblərinin üçdə biri üzrə "qismən uyğun" və ya hər hansı istiqamət üzrə "uyğun deyil" hesab edildikdə, qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətini növbəti 2 il üçün uzadaraq, təhsil müəssisəsini və ya proqramı 1 ildən sonra təkrar akkreditasiya etmək;

- təkrar akkreditasiya nəticəsində təhsil müəssisəsinin və ya təhsil proqramlarının bu Qaydaların göstərilən tələblərə cavab vermədiyi müəyyən edildikdə, təhsil müəssisəsini və ya təhsil proqramını akkreditasiya etməmək;

- təhsil müəssisəsi və ya təhsil proqramları təkrar akkreditasiyadan keçmədiyi təqdirdə və ya Akkreditasiya Meyarlarının tələblərinin üçdə biri üzrə "uyğun deyil" hesab edildikdə, təhsil müəssisəsini və ya təhsil proqramını akkreditasiya etməmək.

Akkreditasiya Şurası təhsil müəssisəsini və ya təhsil proqramlarını akkreditasiya etmək barədə qərar qəbul etdikdə, Agentlik bu qərar əsasında təhsil müəssisəsinin və ya təhsil proqramının akkreditasiya olunması barədə əmr verir. Həmin əmrlə təhsil müəssisəsinin statusu (tipi, növü) və hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddi müəyyənləşdirilir, onun tam şəkildə və ya ayrı-ayrı təhsil proqramları, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddi göstərilməklə akkreditasiyadan keçib-keçməməsi göstərilir və təhsil müəssisəsinə növbəti tədris ilindən başlayaraq 5 il müddətinə qüvvədə olan (həmin illər qeyd edilməklə) akkreditasiya şəhadətnaməsi verilir.

Akkreditasiya Şurasının qərarından sonra təhsil müəssisəsi Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrasına nəzarəti təmin etmək məqsədilə müvafiq fəaliyyət planı hazırlayır. Fəaliyyət planı təhsil müəssisəsi və ya təhsil proqramı növbəti dövr üçün akkreditasiya olunduğu təqdirdə akkreditasiya qərarından 6 ay sonra, 2 il ərzində təkrar akkreditasiya olunduğuna dair qərar qəbul edildiyi təqdirdə isə akkreditasiya qərarından 3 ay sonra təhsil müəssisəsi tərəfindən Agentliklə razılaşdırılmaqla təsdiq olunur. Agentlik fəaliyyət planının icrasına nəzarət edir və illik hesabatları təhlil edir.

  • Əvvəlki

    Azərbaycanda maskaya görə cərimələr yenidən artırılır - Məbləğ

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0