USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vergi orqanlarının xətti ilə büdcəyə daxil olan vəsaitin həcmi - AÇIQLANDI

28.04.2021 İqtisadiyyat
0 0
2021-ci ilin yanvar-mart aylarında vergi orqanlarının xətti ilə büdcəyə 3 milyard 11,3 milyon manat vəsait daxil olub ki, bunun da 2 milyard 85,7 milyon manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 925,6 milyon manatı isə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarıdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Valyuta.az-a bildirilib ki, qurum tərəfindən vergi daxilolmaları üzrə proqnoza 121,1 faiz əməl olunub, proqnoza nisbətən 363,9 mln. manat, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 45,78 milyon manat çox vergi toplanıb. Vergi daxilolmalarının 72,4 faizi qeyri-neft-qaz sektorunun, 27,6 faizi neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektorunun xüsusi çəkisi ötən ilin birinci rübü ilə müqayisədə 3,7% artıb.

Neft hasilatının nisbətən aşağı düşməsinə baxmayaraq, dünya enerji bazarlarında qiymətlərin sabitləşməsi şəraitində neft-qaz sektoru üzrə vergi daxilolmaları artıb. 2021-ci ilin birinci rübündə neft-qaz sektorundan daxilolmalar 574,9 milyon manat təşkil edib, proqnozlara nisbətən 136,2 faiz icra olunub, büdcəyə nəzərdə tutulandan 152,7 milyon manat artıq vəsait daxil olub.

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz və ya 109,2 milyon manat artaraq 1 milyard 510,8 milyon manat təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə proqnoz 116,2 faiz icra olunub, proqnozdan əlavə 211,1 milyon manat vergi toplanıb. Qeyri-neft-qaz sektoru üzrə birinci rübdə toplanan vergilərin məbləği tarixdə ən yüksək birinci rüb göstəricisidir.

Cari ilin birinci rübündə qeyri-neft-qaz sektorunun özəl bölməsindən 1,1 mlrd. manat məbləğində vergi daxilolmaları təmin edilib, daxilolmalar 15,8 faiz artıb. Özəl bölmənin qeyri-neft-qaz sektorundan ümumi daxilolmada payı 70,8 faizdən 76,1 faizə yüksəlib.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında proqnozlara nisbətən daha çox yığım əsasən ƏDV, mənfəət və gəlir vergisi üzrə qeydə alınıb. ƏDV daxilolmalarında proqnoza nisbətən 28,1 faiz, mənfəət vergisi üzrə 25,7 faiz, gəlir vergisi üzrə 4,2 faiz, sadələşdirilmiş vergi üzrə 9,4 faiz daha çox vəsait daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ƏDV üzrə artım 10,1 faiz, aksizlər üzrə 42,6 faiz, mənfəət vergisi üzrə 11,2 faiz, gəlir vergisi üzrə 3,6 faiz, mədən vergisi üzrə 29,3 faiz, torpaq vergisi üzrə 36,2 faiz, əmlak vergisi üzrə 3,6 faiz təşkil edib.

Vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur. Qeyri-neft-qaz sektorunda ƏDV, aksiz, topraq, mədən və mənfəət vergisinin artım templəri qeyri-neft ÜDM-in nominal artım tempini 4,9 faiz üstələyib. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 35,2 faizə, mənfəət vergisi üzrə 29,1 faizə, gəlir vergisi üzrə 18,1 faizə, aksizlər üzrə 6,2 faizə qalxıb. Bu tədiyələrdə yüksək artım dinamikası dövriyyələrin şəffaflaşdırılması şəraitində müşahidə olunmaqdadır.

Cari ilin birinci rübündə qeyri-neft-qaz sektorunun bir sıra fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib. Qeyri-neft-qaz sektorunda sənaye, xidmət və rabitə üzrə daxilolmaların artım templəri qeyri-neft ÜDM-in nominal artım tempini 4,9 faiz üstələyib.

Ötən ilin eyni dövrü ilə müqayisədə daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (41,5 faiz), sənaye sektorunda (23,1 faiz), xidmət sektorunda (15,7 faiz), ticarət sahəsində (2,5 faiz), digər fəaliyyət sahələrində (6,6 faiz) qeydə alınıb. Vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşması sahəsində görülən işlər nəticəsində iqtisadi fəaliyyət sahələrində real vergi potensialının aşkarlanması və bu əsasda büdcəyə vergi daxilolmalarının artırılması təmin olunmaqdadır.

  • Əvvəlki

    Unibank-ın rəhbərlərindən biri nüfuzlu beynəlxalq mükafatın finalçısı olub

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0