USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bu avtomobillərə keçmək günün tələbidir" - Ekspert

09.06.2023 İqtisadiyyat
13 3
“Hibrid və elektrikli avtomobillərə keçmək günün tələbidir. Bu avtomobillərdən istifadə həm ekoloji vəziyyəti tarazlaşdırmağa üçün vacibdir, həm də daha sərfəlidir”.

Kommersant.az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafa ölkədə elektromobillərin sayının artması, bu avtomobillər üçün enerjidoldurma məntəqələrinin az olmasının yaratdığı problemlər haqqında danışarkən deyib.

Ekspert qeyd edir ki, elektriklə işləyən avtomobillərdə 80-90%-ə qədər qənaət etmək mümkündür, ona görə də bu avtomobillərin ölkəyə gətirilməsi son zamanlar stimullaşdırılır:

"Əvvəl ƏDV-dən, daha sonra gömrük rüsümundan azda edildi. Demək olar ki, həmin avtomobili xaricdən hansı qiymətə alırsansa, həmin qiymətə də gəlib ölkədə istifadə edə bilirsən”.

Yasin Mustafa bunu doğru addım hesab edir:

“Çünki bu tip avtomobillərin ölkəyə gətirilməsi, istismarı, istifadəsi stimullaşdırılmalı, təşviq edilməlidir ki, vətəndaşlar bu avtomobillərdən daha çox istifadə etsinlər”.

Bu sahədə olan problemlərdən də danışan ekspert qeyd edib ki, həmin avtomobillərin təmiri, servis məsələləri, həmçinin enerji doldurma məntəqələrinin az olması ciddi probem yaradır:

“Buna görə də bəzi insanlar bu avtomobilləri almaqdan çəkinirlər. Eliktromobilləri həm normal 220 votla, həm də super şarj dediyimiz güclü şarj etmə mərkəzlərində də enerji doldurmaq mümkündür. Bizdə bu enerjidoldurma məntəqələri çox azdı. Bu məntəqələrdən bir neçəsi Bakıda, Şamaxıda və Kürdəmirdə mövcuddur. Bu hansısa bir vətəndaş elektromobillə burdan Qazaxa gedib qayıtsa, yolda qalacaq”.

Həmsöhbətimiz əlavə edib ki, bu sahəyə diqqəti yenidən daha çox artırmaq lazımdır:

“Bu məsələni həll etmək üçün müəyyən güzəştlər tətbiq etmək lazımdır ki, vətəndaşlar, yanacaqdoldurma obyektləri və digər obyektlər bu tip enerjidoldurma məntəqələrini öz obyektlərində quraşdırmaqda maraqlı olsunlar. Eyni zamanda elektromobillərin alınmasında insanlar şübhəli yanaşmasınlar. Bu avtomobilləri ev şəraitində də doldurmaq mümkündür. Lakin bu zaman daha uzun - 8, 10, 15 saat müddət tələb olunur. Amma super şarjlar olan dolum mərkəzlərində yarım saat, bir saat müddəti olur. Qarşımızda dayanan əsas məsələ bu tip enerjidoldurma məntəqələrinin sayının artrırılmasıdır”.