USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Statistika Komitəsinin açıqladığı 12 faizlik infilyasiya - Bu rəqəmlər ilin sonuna necə dəyişəcək?

13.07.2023 İqtisadiyyat
0 2
“Hesab edirəm ki, ilin sonuna qədər 10 faizlik infilyasiya qeydə almış olsaq, bu sevindirici hal olacaq”

Kommersant.az xəbər verir ki, bu sözləri iqtisadçı Pərviz Heydərov Dövlət Statistika Komitəsinin infilyasiya ilə bağlı açıqladığı statistikanı şərh edərkən deyib.

İqtisadçı qeyd edib ki, Mərkəzi Bankın proqnozu ilə hökumətin verdiyi proqnoz üst-üstə düşmür:

“Bu ilin sonuna qədər Mərkəzi Bank infilyasiyanı 8.5 faiz, İqtisadiyyat Nazirliyi isə 10.5 faizə qədər dəyişəcəyini proqnozlaşdırıb:

Amma bu ciddi bir proqnoz deyil. Mən məsləhət görərdim Mərkəzi Bankın infilyasiya proqnozunu əsas götürək. Lakin bu proqnoz da real deyil. Çünki hazırda Azərbaycanın özündə iqtisadi proseslər elə xarakter daşıyır ki, onlarla ilin sonunda infilyasiyanın hansı rəqəmlərlə yekunlaşacağını söyləmək indidən mümkün deyil”.

İqtisadçı qeyd edir ki, baş verəcək iqtisadi dəyişiliklər xüsusi ilə Azərbaycandan kənardakı proseslərin gedişatından asılıdır:
“Əgər indiki kimi dünya bazarlarında enerji daşıyıcılarının qiymətlərinin ucuzlaşmağa meyl göstərməsi davam edərsə, dünyada baş verən iqtisadi proseslərdə stabilləşmə meyilləri ilin sonuna qədər davam edərsə, Azərbaycanda infilyasiyanın bahalaşma tendensiyaları səngiməkdə davam edərsə, ölkəmizdə də infilyasiya səviyyəsini iki rəqəmlidən bir qədər aşağı düşəcəyini gözləməyə dəyər”.

Pərviz Heydırov bildirib ki, bu rəqəm iki rəqəmlidən aşağı düşsə də belə, keçən ilki kimi bahalaşma infilyasiya xarakteri daşımır:
“Belə proqnoz etmək olar ki, ilin sonuna qədər keçən ilki kimi güclü bahalaşma, infilyasiya prosesləri nəzərə çarpmayacaq. Bunu müəyyən mənada indidən söyləmək mümkündür”.

Həmsöhbətimiz nə Mərkəzi Bankın, nə də İqtisadiyyat Nazirliyinin proqnozu reallaşa biləcəyini düşünmür:
“İnfilyasiya indi deyil, hələ 2021-ci ilin əvvəl, pandemiya başa çatandan davam edir, keçən il lap ciddi xarakter daşıdı. 2022-cil Azərbaycanda və dünyada ən çox bahalaşma və infilyasiya olan il kimi yadda qaldı. Bunun müqabilində hər şeyin birdən-birə tam sabitləşəcəyini gözləmək də doğru deyil. Ona görə də mən hesab edirəm ki, ilin yekununa 10 faizlik infilyasiya qeydə alsaq, bu sevindirici olacaq”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin 6 ayının yekunlarına əsasən, Azərbaycanda iflyasiya 12 faiz civarında olub.