Amerika texnologiya nəhəngi Google, Android proqram mağazası Google Play Store ilə rəqabəti boğmaq ittihamı ilə ona qarşı açılan antiinhisar iddiasında 700 milyon dollar ödəməyə razılaşıb.
San-Fransisko federal məhkəməsindən açıqlanan məhkəmə sənədlərində Google-un istehlakçılara 630 milyon dollar, ABŞ ştatlarına isə 70 milyon dollar ödəməyə razı olduğu bildirilib. Bundan əlavə, Google yaxın 5 il ərzində müştərilərinə Play Store-dan başqa platformalardan Android cihazlarına proqramlar yükləməyə icazə verəcək.
Google-a qarşı açılan antiinhisar iddiasında o, tətbiqlərə qeyri-qanuni məhdudiyyətlər qoyaraq müştərilərinə əlavə ödənişlər tətbiq etməkdə günahlandırılıb. Google həmçinin tətbiqdaxili satınalmalarda 15-30 faiz komissiya alır. ABŞ-da yerləşən video oyun istehsalı və inkişaf etdirmə şirkəti olan Epic Games, dekabrın 11-də tətbiqdaxili ödənişlərə görə Google-a qarşı qaldırdığı antiinhisar işini qazandı.