SOCAR-ın ixracının artmasının səbəblərini açıqladı

27.07.2018 İqtisadiyyat
Elşad Nəsirov: "AÇG yataqlar bloku üzrə payının yüksəlməsi SOCAR tərəfindən ixrac olunan xam neftin miqdarını artırıb"

Bu ilin II rübündə Azərbaycanda neft və neft məhsullarının ixracının artmasının səbəbləri açıqlanıb.

Neft və neft məhsullarının ixracının müsbət dinamikası ilə bağlı SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib ki, AÇG yataqlar bloku üzrə SOCAR-ın payının 11,65%-dən 25%-ə yüksəlməsi SOCAR tərəfindən ixrac olunan xam neftin miqdarını artırıb.

"Həmçinin cari ilin 2-ci rübündə emal olunan xam neftin 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə daha çox olması ixrac edilən neft məhsullarının miqdarında artıma səbəb olub", - deyə E.Nəsirov vuröulayıb.

Bu ilin II rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən ilin müvafiq dövrünə nisbətən xam neftin ixracını 18% artıraraq 6,1 mln. tona yüksəldib.

Cari ilin iyun ayında xam neftin ixracı bir il əvvəlki dövrün müvafiq göstəricilərini 24% geridə qoyaraq 2,1 mln. tona qədər artıb.

Bildirilib ki, neft məhsullarının ixracında 19% artım qeydə alınıb, yəni ötən ilin aprel-may-iyun aylarında 350 min tona yaxın neft məhsulu ixrac olunmuşdursa, bu il həmin göstərici 410 min tondan yüksək olub. Bu dövrdə dizel yanacağının ixracı təqribən 48%, mütləqləşdirilmiş izopropil spirti 69%, maye piroliz qətranı 27%, propilen 30%, butilen butadien fraksiyasının ixracı isə 37% artıb.