Bu ilin aprel ayında ümumilikdə vergi orqanlarına 37.341 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz azdır.
Bu barədə Kommersant.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, daxil olmuş müraciətlərdən 95,5 faizi ərizə, 4,4 faizi şikayət, 0,1 faizi təklif olub, 38 müraciətin icrası nəzarətə götürülüb. Daxil olmuş müraciətlərdən 80,8 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 20 faizi isə hazırda icradadır.
Bildirilib ki, baxılması başa çatdırılmış müraciətlərdən 65,6 faizi həll olunub, 33,1 faizi barədə müvafiq izahat verilib, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Məlumata əsasən, həll olunmuş 224 sayda faktiki şikayətlər, əsasən, kameral vergi yoxlaması, vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcu (borcun silinməsi, sərəncamın götürülməsi, borcun ödənilməsinə möhlət verilməsi) şəxsi hesab vərəqələri, maliyyə sanksiyalarının silinməsi, vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) və digər məsələlərlə bağlı olub.
Qeyd olunub ki, 2025-ci ilin aprel ayında Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 86 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.