Azərbaycan Mərkəzi Bankı (AMB) və Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən elektron formada banklar və sığorta şirkətləri tərəfindən gömrük qarantiyalarının və sığortaların təqdim edilməsini nəzərdə tutan layihə həyata keçirilməkdədir.
Kommersant.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının rəsmisi Müşfiq Kərimov bu gün Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" tədbirində bildirib.
"Mərkəzi Bankın Dövlət Gömrük Komitəsi ilə birgə bir layihəsi var. Bu layihə elektron formada banklar tərəfindən gömrük qarantiyalarını və sığorta şirkətləri tərəfindən sığortaların təqdim edilməsini nəzərdə tutur. Hazırda banklar VAIS (Vahis Avtomatlaşdırılmış İnformasiya Sisteminə) sisteminə inteqrasiya prosesindədirlər. Hazırda 6 bank tam araq bu sistemə inteqrasiya edib. Həmin banklar biznes subyektlərinin 80%-nə xidmət edir. Digər 3 bank test rejimindədir, yaxın vaxtlarda bu sistemə inteqrasiya edəcəkləri gözlənir. Test rejimində bir sığorta şirkəti də var ki, bu sistemə qoşulacaq. Bu sistemin ən böyük üstünlüyü qısa müddətdə gömrük prosesinin keçirilməsi, avtomatlaşdırılma və 7/24 rejimində fəaliyyət göstərməsidir", - o bildirib.
"Mərkəzi Bank tərəfindən həyata keçirilən sahibkaryönümlü islahatlar, elektron inteqrasiya layihələri gömrük proseslərinin də modernləşdirilməsində mühüm mərhələdir. Ticarət axınları yalnız texniki infrastrukturdan asılı deyil, həmçinin rəqəmsallaşma da bunun bir hissəsidir. Bank qaratiyalarının və sığorta müqavilələrinin elektron inteqrasiyasından danışıldı və üstünlükləri qeyd edildi. Bunlar özlüyündə bir zəmanət formasıdır. Ümumiyyətlə, Orta dəhliz boyu ticarət axınlarının, logistikanın inkişafını görürük. Düşünürəm ki, regionda yeni bir logistika modeli formalaşır. Bu modelin yaranması dəlalət edir ki, ticarət axınlarında ödənişlərin edilməsi üzrə zəmanət sistemi vacib olsun", - AMB rəsmisi vurğulayıb.