USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səbaildə Söküntü Qalmaqalı: İcra Hakimiyyəti Xəbərsizdir?

12.08.2025 İqtisadiyyat
0 0
Bakının Səbail rayonu 20-ci sahədə (köhnə yanacaq doldurma məntəqəsinin yanı) Oruc Həsənova aid tikilinin qanunsuz söküntü hadisəsi ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi narahatlıq doğurur.

Kommersant.az saytında dərc olunan məlumata əsasən, ərazidə heç bir rəsmi xəbərdarlıq edilmədən və sənəd təqdim olunmadan həyata keçirilən bu söküntü, sahibkarlıq hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunub. Məsələ ilə bağlı ortaya çıxan əsaslı suallar isə cavabsız qalmaqda davam edir.

Söküntü zamanı ərazidə olan O.Həsənovun şəxsi əmlakına ciddi zərər dəyib. Onun alətləri, tikinti ləvazimatları məhv edilib, 300 metrdən çox kabel, daş materialları və əlvan metallar başqa yerə daşınıb və mənimsənilib. Halbuki həmin əşyalar vətəndaşın öz şəxsi mülkiyyətində olub və onun icazəsi olmadan toxunulmamalı idi.

Ən təəccüblüsü isə odur ki, Səbail Rayon İcra Hakimiyyəti bu söküntüdən və onun detallı mahiyyətindən xəbərsiz olduğunu bildirir. Bu fakt bir sıra vacib məsələləri gündəmə gətirir: İcra Hakimiyyəti onun nəzarətində olan ərazidə baş verən belə ciddi qanunsuzluqlardan necə xəbərsiz ola bilər? Əgər doğrudan da xəbərsizdirsə, bu, ciddi idarəçilik boşluğunu göstərir. Əgər xəbəri olub və göz yumulubsa, bu, hüquqi məsuliyyət doğuran məsələdir.

Xatırladaq ki, Səbail rayon icra başçısı Vüqar Zeynalovun adı daha əvvəl də bir neçə qalmaqallı məsələ ilə gündəmə gəlib. İllərdir eyni postda çalışan məmurun rəhbərlik etdiyi qurumda bu cür qanunsuzluqların baş verməsi ictimai nəzarətin və hesabatlılığın olmamasından qaynaqlanır.

Mövzu ilə bağlı hüquq-mühafizə orqanlarının və aidiyyəti dövlət qurumlarının obyektiv araşdırma aparması, günahkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması ictimaiyyətin haqlı gözləntisidir.

Sonda qeyd edək ki, qurumun fikrini öyrənmək üçün rəsmi sorğu da göndərilib. Cavablandırılacağı təqdirdə ictimaiyyətin nəzərinə çatdırılacaq.