2025-ci il üzrə operativ məlumatlara əsasən, respublikada 27,7 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Hasilatın 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,8 milyon tonu “Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonu isə SOCAR-ın payına düşüb.
Kommersant.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Hesabat dövründə 23,1 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixrac olunub. İxracın 20 milyon tonu konsorsiumların, 2,5 milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə JOCAP-ın payına düşüb.
Qeyd edək ki, 2025-ci il ərzində xam neft hasilatı orta hesabla gündəlik 62,4 min ton (460 min barrel), kondensat hasilatı 13,5 min ton (111 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75,9 min ton (571 min barrel) olub.
Ötən il ərzində neftin emalı 6,2 milyon ton təşkil edib.
2025-ci ildə ölkədə 51,5 milyard kubmetr təbii qaz hasil edilib. Hasilatın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Bu dövrdə qaz ixracı 25,2 milyard kubmetr təşkil edib. Bundan 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetr Gürcüstana, 0,5 milyard kubmetr isə Suriyaya ixrac edilib.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2026-cı il tarixinədək 670,3 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 508,6 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 617,8 milyon ton neft, 243,9 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 52,5 milyon tona yaxın kondensat, 264,7 milyard kubmetr qaz çıxarılıb. Bu dövrdə 668,3 milyon ton neft, 191,2 milyard kubmetr qaz ixrac edilib.