Azərbaycan bu il Cənub Qaz Dəhlizinə 500 mln. dollardan çox vəsait xərcləyib

30.05.2018 Energetika
“Cənub Qaz Dəhlizi” QSC (“CQD”) və onun törəmə müəssisələri tərəfindən Cənub Qaz Dəhlizinə daxil olan layihələrə 9 mlrd. ABŞ dolları məbləğində vəsait yönəldilib.

"Kommersant.Az" xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” konfransında "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev bildirib.

"Aprelin sonuna "Cənub Qaz Dəhlizi" QSC Cənub Qaz Dəhlizinə daxil olan layihələrdə payının maliyyələşdirilməsi üçün layihələr başa çatanadək tələb olunan 11,5 mlrd. dollardan 9 mlrd.dollarını yönəldib. QSC 2020-ci ilədək ümumilikdə 2,5 mlrd. dollar da yönəldəcək", - o qeyd edib.

Baş direktorun sözlərinə görə, 9 mlrd. dolların 0,5 mlrd. dolları 2018-ci ilin ilk 4 ayının payına düşüb.

Ə.İsayev ilin sonuna QSC-nin Cənub Qaz Dəhlizində payının maliyyələşdirilməsi üçün 0,8 mlrd. dollar, gələn il 1,4 mlrd. dollar, 2020-ci ildə isə 0,2 mlrd. dollar yönəldəcəyini qeyd edib.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. “Cənub Qaz Dəhlizi” QSC Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.

Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir.