Neft Fondu gələcək nəsillər üçün nəzərdə tutulan aktivlərinin xərclənməsinə başladı

13.03.2020 Energetika
Bu ilin yanvar-fevral aylarında Dövlət Neft Fondunun resurs gəlirləri “Azəri-Çıraq” və “Günəşli” yatağından 1 milyard 5 milyon ABŞ dolları, o cümlədən də Şahdəniz yatağı üzrə kondensatın satışından 69 mln. ABŞ dolları olub.

"Kommersant.az" xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu Azərbaycan Dövlət Neft Fondunun “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə gəlirlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, cari ilin əvvəlindən dünənə qədər Dövlət Neft Fondu tərəfindən valyuta bazarında satışa ümumilikdə 1,8 milyard ABŞ dolları çıxarılıb: “Göründüyü kimi, Dövlət Neft Fondunun satışa çıxardığı valyutanın həcmi onun eyni dövrdə qazandığı gəlirlərdən 800 milyon dollar çox olub. Bu o deməkdir ki, Dövlət Neft Fondu artıq gələcək nəsillər üçün nəzərdə tutulan aktivlərinin xərclənməsinə başladı”.

Ekspert qeyd edib ki, 2020-ci ilin 01 yanvar tarixinə ARDNF-nin aktivləri 43 323,3 mln. ABŞ dolları olub: “Hazırda bu məbləğ azalır və gözləntilərə görə, ilin sonuna qədər 40 milyard dollardan da aşağı düşəcək. Valyuta bazarında satışla bağlı Mərkəsi Bank açıqlama vermədiyindən onun malik olduğu 6,4 milyard dollarlıq rəsmi valyuta ehtiyatlarının nə qədər azaldığı hələ ki, bilinmir”.

İndex.az