USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan dövlətinin zəmanətilə 750 milyon dollar kredit alındı

30.06.2018 İqtisadiyyat
0 0
"Cənub Qaz Dəhlizi" QSC tərəfindən Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin zəmanəti ilə Trans-Anadolu (TANAP) Boru Kəməri layihəsinin maliyyələşdirilməsi üçün 750 mln. ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit müqaviləsi imzalanıb.

"Cənub Qaz Dəhlizi" QSC-dən verilən məlumata görə, bu ilin iyunun 29-da Cənub Qaz Dəhlizi (CQD) layihəsinin tərkib hissəsi olan TANAP layihəsinin dəstəklənməsi məqsədilə Azərbaycanın dövlət zəmanəti, habelə Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) zəmanəti ilə 500 mln. dollar və 215 mln. avro ilə, ümumilikdə 750 mln. dollar məbləğində sindikatlaşdırılmış kreditin "Cənub Qaz Dəhlizi" QSC-yə ayrılmasına dair kredit və zəmanət müqavilələri imzalanıb.

Qeyd olunan kredit müqaviləsinə dair dövlət zəmanəti müqaviləsini Azərbaycan Respublikası adından maliyyə naziri Samir Şərifov, kredit müqaviləsini isə CQD QSC-nin Baş direktoru Əfqan İsayev imzalayıb.

Xatırladaq ki, MIGA 1988-ci ildə Dünya Bankı Qrupunun tərkib hissəsi kimi üzv ölkələrdə birbaşa investisiyaların stimullaşdırılması məqsədilə yaradılan beynəlxalq maliyyə-kredit institutudur. Bu qurum investisiyaların qeyri-kommersiya risklərdən sığortalanmasını həyata keçirir. Azərbaycan 1992-ci ildə Dünya Bankının, o cümlədən MIGA-nın üzvü olub.

CQD QSC-nin Baş direktoru Əfqan İsayev CQD layihələrində görülmüş işlər barədə məlumat verib. O bildirib ki, layihəyə bir çox aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyə dəstəyi göstərilmiş və artıq TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb: "Bu gün, iyunun 30-da Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Yaxın gələcəkdə Türkiyədən keçməklə, Avropaya təbii qazın verilməsi üçün nəzərdə tutulmuş işlər qrafikə uyğun olaraq davam etdirilir".

O bildirib ki, layihə çərçivəsində "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, habelə Cənubi Qafqaz Boru Kəməri sisteminin Genişləndirilməsi ("SCPX") üzrə ilk kommersiya qazın çatdırılmasına dair işlər 100% yerinə yetirilib. Eyni zamanda TANAP-ın inşası üzrə işlərin 94.8%-i, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası üzrə isə işlərin 74.6%-iicra edilib:

"Tikinti işləri uğurla davam etdirilir. SD2 layihəsi üzrə ümumi kapital xərclər hazırda 22.7 mlrd. dollar (2018-ci ilin may ayının sonuna 17.8 milyard ABŞ dolları xərclənib), SCPX layihəsi üzrə – 4.5 milyard dollar (2018-ci ilin may ayının sonuna 4.2 milyard dollar xərclənib), TANAP layihəsi üzrə – 8.0 milyard ABŞ dolları (2018-ci ilin may ayının sonuna 5.5 milyard dollar xərclənib) və TAP layihəsi üzrə – 4.5 milyard avro (2018-ci ilin may ayının sonuna 3.0 milyard avro xərclənib) məbləğlərində qiymətləndirilir. CQD QSC-nin 2020-ci ilə kimi (daxil olmaqla) payına düşən layihə xərcləri 11.4 milyard dollar təşkil edir. 2018-ci ilin may ayının sonuna artıq 9.1 milyard dollar (təqribən 80%) investisiya edilib".

Qeyd edək ki, CQD layihəsinin məqsədi SD2 layihəsini həyat keçirmək, bu zaman hasil ediləcək təbii qazın genişləndirilən Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikilən TANAP və TAP vasitəsi ilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir.

CQD QSC Azərbaycan prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılıb və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

  • Əvvəlki

    Qərb investorları niyə Rusiyaya axın edir - SƏBƏB

Digər xəbərlər