USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azeri Light”-ın bahalaşması necə nəticələnəcək - EKSPERT

03.07.2018 İqtisadiyyat
0 0
“Azeri Light”-ın bir barelinin qiyməti bu il ikinci dəfədir ki, 80 dolları keçir.

Belə ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,92 dollar bahalaşaraq 80,53 dollar olub.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "Kommersant"a açıqlamasında qeyd edib ki, "Azeri Light"-ın bahalaşmasına ABŞ-ın İrana qarşı sanksiyalar tətbiqi ilə yanaşı, ABŞ Enerji İnformasiyası Administrasiyasının ötən həftə neft ehtiyatları ilə bağlı açıqladığı həftəlik hesabat da təsir göstərib:

"Əgər ondan öncəki həftə ehtiyatların 5 milyon barel azaldığı qeyd edilmişdisə, ötən həftə 8 milyon bareldən artıq azalma müşahidə olundu. ABŞ idxala meylli ölkədir. Dünyanın ən böyük istehlakçısı məhz ABŞ-dır. Oradakı neft ehtiyatlarının azalması, yaxud çoxalması həmişə birjalara öz təsirini göstərir".

İ.Şaban vurğulayıb ki, "Azeri Light"-ın qiyməti birjalarda təyin olunmur:

"Azərbaycan nefti Brentə bağlı markadır. Brent yüngül tipli neft markasına aiddir. Əgər onun qiyməti artırsa, "Azeri Light" da bahalaşır. Yaxud əksinə, Brent markalı neftin qiyməti 80 dollardan 75 dollara düşərsə, Azərbaycan nefti də ona müvafiq olaraq ucuzlaşacaq".

Ekspertin sözlərinə görə, "Azeri Light"-ın bahalaşmasının ölkə iqtisadiyyatı üçün yalnız müsbət nəticələri ola bilər:

"Azərbaycan iqtisadiyyatında köklü dəyişiklik edə biləcək qabiliyyətə neft sektoru başçılıq edir. Enerji sektoru ölkə iqtisadiyyatının lokomotividir və hazırda valyutanın 92% gətirilmə mənbəyidir. Belə ki, 2017-ci ilin birinci yarısında Azəri-Çıraq-Günəşli (AÇG) yatağından gündəlik orta hesabla 585 000 barel hasilat, "Şahdəniz" qaz-kondensat yatağından isə orta hesabla 50 min barel hasilat əldə edilib. İxrac ümumilikdə təqribən 735-740 min barel təşkil edir. Neftin qiymətinin əvvəlki günə nisbətən 1 dollar artması gəlirin təqribən 740 min dollar çoxalması deməkdir. Neftin qiymətinin təqribən 10 dollar artması isə ilkin mənfəət neftinin 3,5 milyard dollar əlavə gəlir gətirməsi deməkdir. Bu baxımdan neft Azərbaycan üçün 19-cu əsrdə olduğu kimi, çox böyük məna kəsb edir. 21-ci əsrdə neft nəinki ölkə iqtisadiyyatının, eyni zamanda milli təhlükəsizliyin də dayağı sayılır".

İqtisadçı qeyd edib ki, "Azeri Light"-ın 100 dollara qədər bahalaşması üçün heç bir iqtisadi (dünya iqtisadiyyatının artım tempi nəzərdə tutulur) səbəb yoxdur.

"Hazırda dünyada neftlə bağlı qıtlıq məsələsi yoxdur. 2008-ci ildə neftin qiymətində 48 dollara qədər bahalaşma olmuşdu. 10 il ərzində dünyada çox böyük dəyişikliklər baş verib. Belə ki, şist neft və şist qaz qlobal faktorları enerji bazarına daxil olaraq xüsusi çəki qazanıb. Əgər şist neftin 1 tonunun maya dəyəri 2008-ci ildə 80 dollar ətrafında idisə, hazırda təqribən 40 dollar təşkil edir.

Digər faktor alternativ enerji anlayışı ilə bağlıdır. Enerjidən daha səmərəli istifadə etmə faktoru isə texnologiyaların inkişafı ilə sıx bağlıdır. Xüsusilə 2010-cu ildən sonrakı dövrdə məhz inkişaf etmiş ölkələr (İEÖ) texnologiyalara böyük yatırımlar etdilər. Nəticədə neftin qiymətinin aşağı düşməsi müşahidə edildi".

İqtisadçı ekspert vurğulayıb ki, neftin qiymətinin bahalaşması ilə paralel olaraq benzinin qiymətinin də artması bazar iqtisadiyyatına uyğun hal sayılmalıdır:

"2014-cü ilin 1 aprelindən etibarən dövlət yüksək oktanlı benzinlər üzərində nəzarət həyata keçirir. Hazırda Azərbaycanda təxminən 950 yanacaqdoldurma məntəqəsi mövcuddur. Dövlət tərəfindən tənzimlənməyən yanacaqdoldurma məntəqələrində "AI-95" və "Aİ-98" markalı benzinin qiyməti gün ərzində fərqli şəkildə dəyişir".

Xatırladaq ki, "Azeri Light"-ın bir barelinin qiyməti sonuncu dəfə bu il mayın 18-də 81 dolları ötmüşdü.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin minimal qiyməti 2001-ci ilin dekabrında 19,15 dollar, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar təşkil edib.

Aytən Novruzova

  • Əvvəlki

    Gürcüstan Azərbaycana elektrik enerjisinin ixracına başlayıb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0