"Öhdəliklər ikitərəfli qaydada qabaqcadan müəyyən olunmalıdır" - "MİNGƏÇEVİR HADİSƏSİ" - EKSPERT

03.07.2018 Energetika
Mingəçevirdəki “Azərbaycan İES”-da dünən baş verən hadisə bir sıra vacib məqamları bir daha gündəmə gətirdi

"Kommersant" xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov açıqlamasında deyib. Bildirib ki, elektrik enerjisinin istehsalı və satışı daxil olmaqla kommunal xidmətlərin özəl sektorun idarəetməsinə verilməsinə ehtiyac var.

"Beynəxalq təcrübə göstərir ki, özəl sektor daha keyfiyyətli və səmərli xidmət həyata keçirə bilir. Bu kommunal xidmətlərin verilməsində səmərəliliyin və şəffaflığın güclənməsinə, büdcədən dolayı subsidiyaların həcminin minimumlaşmasına, xarici və daxili borc öhdəliklərinin limitləşdirilməsinə və ən əsası istehlakçıların fasiləsiz və keyfiyyətli xidmət əldə etməsinə imkan yaradar. Təəssüf ki, hazırda kommunal xidmətlərin təchizatında dövlət sektorunun rolu heç də ürəkaçan səviyyədə deyildi;

- Enerji mənbələrinin diversifikasiyası və xüsusən də alternativ enerji mənbələrindən istifadənin formalaşması və genişləndirilməsi vacibdir. Günəş və külək enerjisindən istifadə imkanlarının geniş olmasına baxmayaraq nəinki bölgələrdə, heç paytaxtada alternativ enerjidən, demək olar, istifadə edilmir. Halbuki Kopenhagen daxil olmaqla, günəşli günlərin sayı heç də çox olmayan Avropa şəhərlərində alternativ enerji əsas mənbələrdən hesab edilir. Alternativ enerji mənbələrindən istifadənin gücləndirilməsi üçün bu sektorda özəl şirkətlərin daxil olmasınının stimuallaşdırılması, dövlət subsidiya mexanizminin tətbiqi və formalaşma mənbəyindən asılı olaraq diferensial tarif mexanizminin müəyyənləşdirilməsinə ehtiyac var.

- Elektrik enerjisi daxil olmaqla kommunal xidmətlərinin satışı zamanı tərəflərin öhdəliklərinin ikitərəfli qaydada müəyyənləşdirilməsinə ehtiyac var. Məsələ ondadır ki, istehlakçı kommunal xidmətlərinin haqqını əksər hallarda öncədən ödəyir, amma həmin xidməti satan tərəfin enerji təminatını həyata keçirə bilmədiyi hallarda məsuliyyəti müəyyənləşmir. Halbuki, bu əksər hallarda xüsusən də real sektorda çalışan sahibkarlar üçün ziyana səbəb olur. Təbii ki, belə hallarda kommunal xidməti təmin edə bilməyən tərəfin kompensasiya ödənişləri daxil olmaqla öhdəlikləri aydın şəkildə müəyyənləşdirilməlidir."