USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Balans yoxdursa, daha çox ödə - “Azercell”dən 50 faizlik artım

13.01.2026 İqtisadiyyat
0 0
“Azercell”in ötən il qəbul etdiyi və kredit xidmət haqqının artırılmasını nəzərdə tutan qərar bu gündən qüvvəyə minib. Mobil operator kredit üçün tutduğu xidmət haqqını təxminən 50 faiz artırıb. Şirkət bu addımı texniki qərar kimi təqdim etsə də, məsələ istifadəçilər üçün birbaşa maliyyə yükünün artması deməkdir.

Kommersant.az xəbər verir ki, xüsusilə azgəlirli və gündəlik balans problemi yaşayan abunəçilər üçün bu qərar alternativsiz əlavə xərc yaradır. Mobilkredit götürən şəxslər adətən bunu fövqəladə vəziyyətdə ailəsi və ya yaxınları ilə əlaqə yaratmaq üçün ya da qısamüddətli balans çatışmazlığına görə istifadə edir. Lakin xidmətlərin 50 faiz bahalaşmasını kommersiya aletinə çevirən “Azercell” istifadəçilərini sosial funksiyadan uzaqlaşdırır və “balans yoxdursa, daha çox ödə” dilemması ilə üz-üzə qoyur.

Azgəlirli şəxslərin bu xidmətdən mütamadi istifadə etdiyi hər kəsə məlumdur. Onlar isə bu alətdən adətən ən dar vəziyyətdə istifadə edirlər. O zaman ortaya sual çıxır ki, sözügedən şirkət bunu niyə əlavə qazanc mənbəyinə çevirir? Axı kredit xətti kömək adətən dar vəziyyətdə kömək üçün istifadə edilir.

Bu artımın səbəbi ilə bağlı “Azercell” heç bir detallı iqtisadi izah verməyib. Yoxsa bu da Azərbaycan sayağı artımdır?

Hər fürsətdə ən çox abonentə sahib olduğunu dilə gətirən şirkət məgər bundan sui-istifadə edir? Axı istifadəçilər üçün nəticə önəmlidir. Eyni xidmət, daha baha qiymət. Bu da onu deməyə əsas verir ki, qiymət artımı bazar rəqabətindən yox, istifadəçi asılılığından qaynaqlanır. Axı eyni qiymətə olan xidməti dominant şirkət qaldırarsa digər mobil operatorlara da təsir edəcək. Onlar da qiymət artımı barədə düşünəcəklər. Əgər bu hal baş verərsə o zaman “Azercell” şirkətini bazara təzyiq etdiyi üçün günahlandırmağa əsaslar yaranacaq.

Yuxarıda qeyd etdiyimiz kimi, digər bazar istifadəçiləri də eyni artıma gedərsə o zaman medianın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təzyiqləri artacaq. Niyə? Çünki, hazırki vəziyyətdə sözügedən qurumun bununla bağlı addım atmayacağı başa düşmək heç də çətin deyil.

Qeyd edək ki, bu gündən etibarən 1 manatlıq simkredit üçün 0,30 manat (indiyədək 0,20 manat), 2 manatlıq simkredit üçün 0,60 manat (indiyədək 0,40 manat), 2 manatlıq simtaksit üçün 0,60 manat (indiyədək 0,40 manat), 3 manatlıq simkredit üçün isə 0,90 manat (indiyədək 0,60 manat) xidmət haqqı tətbiq ediləcək.

Eyni zamanda "Simkredit", "Simtaksit", "Ekstra kredit" və "İnternet kredit" xidmətləri çərçivəsində göndərilən hər sorğuya 0,12 manat haqq tətbiq ediləcək.

İndiyədək isə SimKredit xidmətindən yararlanmaq üçün göndərilən hər bir SMS-in qiyməti 0.08 manat təşkil edib.