Qarabağ Azərbaycandır!

Azərbaycan 20 ildən sonra qazsız qalacaq? - EKSPERT RƏYİ

13.09.2018 Energetika
"Qarşıdakı 20 il ərzində Azərbaycan təbii (əmtəə) qaz istehsalını 3 dəfə – 55 milyard kubmetrədək artıracaq".

"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol deyib.

"Proqnozlarımıza əsasən, Azərbaycanda 20 il ərzində əmtəəlik qaz istehsalı 3 dəfə – hazırki 18 mlrd. kubmetrdən 55 mlrd. kubmetrə qədər artacaq", – deyə, F.Birol bildirib.

Qeyd edək ki, 2017-ci ildə Azərbaycanda qaz istehsalının ümumi həcmi 28 milyard 563,5 milyon kubmetr qaz təşkil edib (azalma 2,6%). Bunun 18 milyard 157,9 milyon kubmetri əmtəə qazının payına düşüb (azalma 3%).

Proqnozlar nə dərəcədə reallığa uyğundur?

İqtisadçı ekspert İlham Şaban məsələ ilə bağlı redaksiyamıza açıqlamasında qeyd edib ki, Fatih Birolun nəzərdə tutduğu dövr 2035-ci ildən sonraya təsadüf edəcək:

"Bu zaman "Şahdəniz-1" layihəsi artıq ömrünü başa vurmuş olacaq, yəni əvvəllər proqnozlaşdırıldığı kimi buradan 178 milyard kub metr deyil, 200 milyard kub metr qaz hasil edilməsini də nəzərə alsaq, artıq həmin layihə üzrə hasilat olmayacaq. Ancaq onun yerini 2030-cu illərdən sonra "Şahdəniz-3" layihəsi tutacaq. Bu layihə üzrə qaz hasilatı "Şahdəniz-2"-dən daha çox olacaq. Çünki bazara həm "Şahdəniz-2" layihəsi üzrə stabil qaz həcmlərinin çıxarılmasını təmin etməlidir, həm də o zaman üçün yeni istehlakçılar üçün əlavə qaz həcmləri tələbatını ödəməlidir. Yəni təkcə "Şahdəniz" layihəsi üzrə hasilat həcmləri 30 milyard kub metrə yaxın ola bilər".

İqtisadçı vurğulayıb ki, Abşeron yatağından hasilat o dövr üçün minimal olaraq 6 milyard kub metr təşkil edə bilər:

"Ümid" yatağı üzrə hasilat həcmləri isə 4 milyard kub metr ətrafında stabilləşər. Təqribən 2 milyard kub metr hasilat "Bulla" yatağından və o qədər də həcmlər SOCAR-ın digər yataqlarından hasil edilə bilər. Həmçinin "Qarabağ", "Əşrəfi", "Dan Ulduzu" yataqlarından hasil ediləcək qaz resurslarını da nəzərə almaq gərəkdir. Bundan əlavə "Babək" və "Şəfəq-Asiman" kimi qaza perspektivli sayılan strukturların ehtiyatları da nəzərə alınsa, Azərbaycan 2035-ci illər üçün 55-60 milyard kub metr əmtəəlik qaz hasil etmək iqtidarında ola bilər".

İ.Şaban bildirib ki, həmin həcmlərdən təqribən 15-16 milyardının daxili bazarda istehlakını nəzərə alsaq, gələcəkdə Azərbaycanın Qərb istiqamətində ixrac kəmərlərinin yenidən genişləndirilməsinə ehtiyac yaranacaq:

"Çünki "Cənub Qaz Dəhlizi"nin illik istehsal gücü 31 milyard kub metrə hesablanıb, "Bakı-Tbilisi-Ərzurum" isə 7 milyard kub metr qaz ötürə bilir".