Qarabağ Azərbaycandır!

Neft bahalaşacaq?

24.09.2018 Energetika
2019-cu ildə OPEC-ə Venesuela sədrlik edəcək.

"Kommersant.az" xəbər verir ki, bu barədə dünən Əlcəzairdə keçirilən OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında qərar verilib.

Venesuelanın OPEK-ə sədrliyi, qurumun qərarlarına və neftin qiymətinə təsir göstərə bilərmi?

Neft-qaz sahəsi üzrə ekspert İlham Şaban məsələ ilə bağlı redaksiyamıza açıqlamasında bildirib ki, Venesuelanın OPEK-ə sədrlik məsələsi sırf texniki xarakter daşıyır:

"Sədrlikdə səsvermə məsələsi önəmli rol oynayır. Bəllidir ki, OPEK-in lokomotivi Səudiyyə Ərəbistanıdır. 1970-ci ildən sonra, yəni OPEK özünü neft bazarında təşkilat kimi təsdiqlədikdən sonra vəziyyət dəyişməyib. Venesuelanın quruma rəhbərliyi neftin qiymətinə də təsir göstərməyəcək. Bunun üçün bazara neft çıxarmaq lazımdır. Venesuela 2015-ci ilin oktyabrına qədər gündəlik 2,5 milyon barel neft hasil edirdi, indi isə 1,5 milyon barel neft hasil edir. Bu, ölkədə sosialist yönlü iqtisadi siyasətin aparılması ilə bağlıdır. Neft sənayesi milliləşdirildikdən sonra Venesuelada neft hasilatı daim azalmağa doğru istiqamət alıb. Cari ilin 8 ayında ölkədə neft hasilatı 500 min barel azalıb".

Ekspert vurğulayıb ki, bazarda neftin qiymətini süni şəkildə artıran amillər sırasında Venesuelada neft hasilatının kifayət qədər aşağı düşməsi də var.