"Taxta bazarı"nda yanğın söndürülüb - İcra başçısı hadisə yerində

19.06.2018 Hadisə
Yanğın baş verən əraziyə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gəlib.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini Şahmar İbadov bildirib ki, hadisə "Taxta bazarı"nın ərazisində qeydə alınıb və daha sonra yanğın qonşuluqdakı dükanlara keçib.

"Yanğın söndürülüb və yanğınsöndürənlərin səyi nəticəsində geniş miqyas almasının qarşısı alınıb", - deyə Ş.İbadov vurğulayıb.

Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.

Etibar Mirzəyev bildirib ki, yanğın nəticəsində xəsarət alan yoxdur: "Yanğının baş vermə səbəbləri aradırılacaq. Araşdırmalardan sonra ətraflı məlumat veriləcək".

ETSN: Yanğın baş verən ərazidə monitorinq və araşdırma işlərinə başlanılıb

Bu gün Ziya Bünyadov prospektindəki tikinti materiallarının satışı bazarında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində havaya qatı tüstü və qoxu yayılıb.

ETSN-dən verilən xəbərə görə, Nazirliyin əməkdaşları dərhal hadisə yerinə gedib, monitorinq və araşdırma işlərinə başlayıb. Mütəxəssislər atmosferə yayılan tüstü axını və qoxu ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb.

Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək. Nazirliyin əməkdaşları hazırda hadisə yerində araşdırma və monitorinqləri davam etdirir.