"Kommersant"ın APA-nın Mil-Muğan bürosuna istinadən məlumatına görə, qətl hadisəsi axşam saat 22.00 radələrində Şirvanda yerləşən şadlıq saraylarından birində baş verib.
Qohumlarının toyunda iştirak edən Neftçala rayonunun Surra kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Azər Yusif oğlu kütləvi dava zamanı ürək nahiyəsindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı toy mərasimində iştirak edən Sabirabad rayonunun Nəsimikənd kənd sakini, 1976-cı il təvəllüdlü Həsənov Teymur Hüseynqulu oğlu da əlindən bıçaq xəsarəti alıb. Şirvan şəhər xəstəxanasına yerləşdirilən sonuncu qətli törətməkdə şübhəli bilinir. Hüquq-mühafizə orqanları şadlıq sarayının kamera görüntülərini araşdırırlar.
Hazırda qətlə yetirilən şəxsin meyiti müayinə olunmaq üçün Şirvan şəhər morquna yerləşdirilib. Kütləvi davada iştirak edən bir-neçə nəfər saxlanılıb. Faktla bağlı Şirvan prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.