Əhali əlindəki manatı dollara çevirir

12.03.2019 Birja
Azərbaycan əhalisi xarici valyuta alışını artırıb. 2019-cu ilin yanvar ayında banklar tərəfindən nağd 163 milyon 671 min dollar alınıb, 299 milyon 627 min dollar isə satılıb.

"Kommersant.az" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatın müqayisəsi göstərir ki, ötən ilin yanvar ayı ilə müqayisədə, əhalinin banklara satdığı dolların həcmi azalıb, banklardan dollar alışı isə əksinə, artıb.

Xatırladaq ki, 2018-ci ilin yanvarında bankların dollar alışı 195 milyon 667 min dollar, satışı isə 162 milyon 487 min dollar təşkil etmişdi.

Bu nisbət 2018-ci ilin sonu ilə müqayisədə, fərqlidir, çünki ilin sonunda manatın devalvasiyası ilə bağlı söz-söhbətlərin artması dolların alışı və satışını artırmışdı. Xüsusən ötən ilin dekabrında bankların dollar satışının həcmi 2019-cu ilin yanvarındakından iki dəfə çox – 584 milyon 218 min dollar olmuşdu.

Qeyd edək ki, yanvar ayında banklar tərəfindən 29 milyon 675 min avro alınıb, 59 milyon 408 min avro satılıb və hər iki göstərici ötən ilin eyni dövrü ilə müqayisədə çoxdur.

  • Əvvəlki

    "VTB Bank" WincorNixdorf bankomatları üçün ehtiyat hissələrinin alınması ilə əlaqədar - AÇIQ TENDER ELAN EDİR

Digər xəbərlər