Azərbaycanın ərəblərlə imzaladığı enerji üzrə layihələrin ilkin dəyəri müəyyən olunub - EKSKLÜZİV

14.01.2020 Maliyyə
Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında imzalanan bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələri üzrə ehtimal olunan ilkin məbləğ müəyyənləşib.

"Kommersant.az"ın məlumatına görə, hər iki layihənin ümumi dəyəri 400 mln ABŞ dolları civarındadır.

Məlumatda deyilir ki, ilkin olaraq “Masdar” şirkətinin inşa edəcəyi 200 MVt-lıq günəş elektrik stansiyasının investisiya dəyəri 150 mln dollar olacaq, “Acwa Power”in isə tikəcəyi 240 MVt-lıq külək elektrik enerjisi stansiyasının tikintisi 250-260 mln dollara başa gələcəyi ehtimal olunur.

Energetika nazirinin müşaviri Zəminə Əliyeva “Report”a bildirib ki, göstərilən rəqəmlər dəyişə bilər: “Bu hələlik ilkin irəli sürülən rəqəmlərdir. Həmin investisiya məbləğlərinin ayrılacaq torpaqların həcmindən, potensiyalın ölçülməsindən, ölkəyə gətiriləcək və quraşdırılacaq avadanlıqlarının qiymətlərinin müəyyən edilməsindən, nəqliyyat xərclərindən və bir sıra amillərdən asılı olaraq dəyişə bilər. Amma bu dəyişikliyin o qədər də böyük olacağı gözlənilmir”.

Xatırladaq ki, yanvarın 9-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun iştirakı ilə Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələri imzalanıb.

Report