"İstehlak kreditləşməsinin artması müəyyən risklər yarada bilər"

01.08.2018 Maliyyə
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov ölkədə kredit fəallığının tədricən bərpa olunduğunu qeyd edir.

“Kommersant.az” xəbər verir ki, “Azərbaycanda kredit fəallığı tədricən bərpa olunur. 2018-ci ilin birinci yarısı ərzində bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli 375 mln. manat və ya 3,3% artıb”, - E.Rüstəmov bu gün mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli strukturunda 46% istehlak kreditlərinin payına düşüb. “2018-ci ilin əvvəlindən onların həcmi 4,7% artıb”, - E.Rüstəmov qeyd edib.

Bankir hesab edir ki, istehlak kreditləşməsinin artım templərinin yüksək olması perspektivdə "idxal və inflyasiya“ üçün müəyyən risklər yarada bilər. Qısası, istehlak kreditləri artarasa, idxal arta və məhsullara tələb artdığından qiymətlər də yüksələ bilər. Mərkəzi Bank, bu ssenarini arzulamır.

Xəbər verildiyi kimi, 2015-ci ildə manatın devalvasiyasından sonra 2016-2017-ci illərdə ktreditləşmə həcminin azalması müşahidə olunub. Xüsusilə, 2016-2017-ci illərdə bankların və BOKT-ların kredit portfeli 2018-ci ilin əvvəlinə 21,1 mlrd. manatdan 11,3 mlrd. manatadək azalıb.