Qarabağ Azərbaycandır!

"Kristal Zal"ın aktivləri 5%-ə yaxın azalıb - RƏSMİ AÇIQLAMA

15.09.2018 Maliyyə
"Bakı Kristal Zalı" MMC-nin cəmi aktivləri bu il yanvar ayının 1-nə 176,536 milyon manat təşkil edib.

"Kommersant.az" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,7% azdır.

2017-ci ildə "Bakı Kristal Zalı"nın cəmi öhdəlikləri 80% azalaraq 73 min manata, cəmi kapitalı isə 4,5% azalaraq 176,463 milyon manata düşüb.

Ötən il "Bakı Kristal Zalı"nın əməliyyat gəlirləri 369 min manat (əvvəlki ilə nisbətən 4,1 dəfə çox), əməliyyat xərcləri isə 10,83 milyon manat (58,4% çox) təşkil edib. Son nəticədə şirkət 2017-ci ili 10,46 milyon manat xalis zərərlə başa vurub ki, bu da illik müqayisədə 55% çoxdur.

""Bakı Kristal zalı" ziyanla işləmir. Jurnalistlərə kim o səlahiyyəti verib ki, yazırlar MMC səmərəsiz işləyib".

Bunu, məsələ ilə bağlı portalımıza açıqlamasında "Bakı Kristal zalı"n mühasibatlığından bildiriblər:

"Şirkətin maliyyə hesabatında yazılmayıb ki, "Bakı Kristal zalı" səmərəsiz işləyib. Həmin hesabat Maliyyə Nazirliyinə də verilir. Bu cür informasiya yaymaq və kollektivin qeyri-səmərəli işlədiyini demək doğru deyil. MMC dövlət başçısının sərəncamı ilə yaradılıb və yaradılanda düşünülüb ki, burada müəyyən konsert proqramları, tədbirlər ola bilər ki, il ərzində 1-2 dəfə keçirilsin. "Bakı Kristal zalı"nda çoxsaylı avadanlıqlar və onların baxılma xərcləri var. Bütün bunlar şirkət yaradılarkən nəzərə alınıb. Dotasiya ilə işləyən MMC-də digərlərindən fərqli olaraq ziyanla, yaxud mənfəətlə işləmək söhbəti yoxdur. Bütün ölkələrdə dotasiya ilə işləyən qurumlar özünü maliyyələşdirə bilmir. "Bakı Kristal zalı"nda müəyyən idman tədbirləri və digər tədbirlər keçirilir. Biletlərin satışı səlahiyyətimiz çərçivəsində deyil. Biz sadəcə olaraq hansısa konsertin təşkilati işlərini görürük (səhnəni quraşdırırıq). Biz ili səmərəli, yaxud ziyanla başa vurmaq kimi məsələlərə baxmırıq. Dövlətin MMC-yə ayırdığı konkret vəsait, maaşlar var. Əmək haqları Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş tarif dərəcələrinə uyğundur. Yəni, maaşı artırıb-azaltmaq, işçilərə 1 ay maaş verməmək kimi səlahiyyətimiz yoxdur".

MMC-nin mühasibatlığından, eyni zamanda bildiriblər ki, gəlirlə işləyə bilmərik, il ərzində 1-2, bəzən 3-5 konsert proqramı, tədbirlər olur:

"Müəssisə özünü doğrulda bilmədiyi üçün dövlət başçısının sərəncamı ilə büdcədən vəsait ayrılır. Burada səmərəsiz işləməkdən söhbət getmir. Biz sadəcə dövlətin, məmurların tapşırıqlarını yerinə yetiririk. MMC-nin təqdim etdiyi maliyyə hesabatındakı rəqəmləri danmıram. Amma onu bu şəkildə qabartmaq və kollektivin səmərəsiz işlədiyini iddia etmək sadəcə "qarayaxma"dır. DSMF-yə aybaay ödəniş edilir. İldə bir dəfə müstəqil audit keçirilir. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq 5 min manatdan yuxarı hansısa əməliyyat aparmırıq. Səhmlərin böyük hissəsi dövlətə məxsusdur. Bizə hər dövlət büdcəsinin təsdiqindən sonra Maliyyə Nazirliyindən smeta əsasında təsdiq olunmuş büdcə gəlir. Həmin vəsait əsasında da bütün işlər görülür".