USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycana ən çox pul hardan gəlir? - RƏQƏMLƏR

18.09.2018 Bank
0 0
Gürcüstana pul köçürmələri artıb.

"Kommersant.az" xəbər verir ki, ötən ay Azərbaycandan Gürcüstana 1 milyon 983 min dollar köçürülüb. Avqust ayında Gürcüstandan Azərbaycana isə 1 milyon 080,3 min dollar transfer olunub.

İki ölkə arasındakı pul köçürmələri ilə bağlı redaksiyamıza açıqlama verən iqtisadçı alim Vüqar Bayramov bildirib ki, 2014-cü ilə qədər iki ölkə arasında pul köçürmələrinin həcmi kifayət qədər böyük idi:

"2017-ci ildə isə Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsində müəyyən azalmalar qeydə alındı. Bu, Gürcüstandan idxalın azalması ilə bağlı idi. Bu ildən başlayaraq Gürcüstandan ölkəyə gətirilən avtomobillər və ət məhsullarının həcminin artması ilə pul köçürmələrinin həcmi də artdı. Gürcüstan azərbaycanlıların ən çox yaşadığı ölkələrdəndir. Bu isə pul köçürmələrinə birbaşa təsir göstərir".

Ekspert qeyd edib ki, Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi isə yüksək deyil:

"Ancaq iki ölkə arasındakı ticarət dövriyyəsi böyükdür - 2,5 milyard dollar. Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən 5 ölkədən biridir. İnvestisiyanın həcminin yaxın vaxtda 20 milyard dollara qədər yüksələcəyi gözlənilir. Uzunmüddətli layihələrlə həyata keçirilən investisiyaların əhəmiyyətli hissəsi enerji sektoruna yönəldilib. Azərbaycanın Rusiya və Türkiyə ilə ticarət dövriyyəsi ümumi ticarət dövriyyəsində təxminən 14% təşkil edir".

V.Bayramov vurğulayıb ki, Azərbaycanla Rusiya arasında pul köçürmələrinin həcmi daha yüksəkdir:

"Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, il ərzində Rusiyadan Azərbaycana 1 milyard dollara yaxın vəsait göndərilir. Vəsaitin bir qismi bank vasitəsilə, digər qismi isə pulköçürmə sistemləri tərəfindən həyata keçirilir. Rusiya mənbələrinin məlumatına əsasən isə orada yaşayan azərbaycanlılar il ərzində Azərbaycana 2 milyard dollara yaxın pul göndərirlər. Orada 2 milyona yaxın azərbaycanlı yaşayır. Onlardan 400 mini əmək miqrantıdır. Azərbaycandan Rusiyaya gedən pul köçürmələri idxal-ixrac əməliyyatları zamanı istifadə edilən vəsaitlərdir".