Keçmiş bankir "Meqa Sığorta"dan pay alıb

30.05.2018 Sığorta
“Meqa Sığorta” ASC-nin səhmlərinin 9%-nə nəzarət edən Əli İsmayılov payını satıb.

"Kommersant.Az" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, onun payını ötən il “Atabank” ASC ilə birləşmiş “Caspian Development Bank” ASC-nin Müşahidə Şurasının sədri Fərəh Məmmədova alıb.

Bununla yanaşı, “Meqa Sığorta”nın digər 2 səhmdarı – Zeynal Əliyev və Yaşar Qurbanov (Müşahidə Şurasının sədri, "Rabitəbank" ASC-nin səhmdarı) da paylarının bir hissəsini yeni investora satıblar. Son nəticədə 1-cinin şirkətdəki payı 19%-dən 10%-ə, 2-cinin şirkətdəki payı isə 15%-dən 14%-ə düşüb.

Beləliklə, F.Məmmədova “Meqa Sığorta”nın səhmlərinin 19%-nə sahib olub. Digər səhmdarlar – Rauf Əliyev (“Rabitəbank”ın 30%-lik səhmdarı), Nəzakət İsmayılova və Zaur Quliyev isə əvvəlki qaydada hər biri şirkətdə 19% paya malikdir.

Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır.