USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

""Azərlotereya" insanların birbaşa cibinə girir" - MİLLƏT VƏKİLİ

29.03.2023 Digər
69 94
“Lotoreyalar haqqında” qanunun 6.5.-ci maddəsinə uyğun olaraq, ani lotoreyanın uduş fondunun həcmi buraxılmış lotoreya biletlərinin ümumi məbləğinin 50%-dən az olmamalıdır. “Azərlotereya”ya göndərdiyimiz sorğuda isə şirkət uduş fondunun məbləğinin qanunda tələb edilən minimal göstəricidən 12-18% çox olduğunu bildirib.

Kommersant.az xəbər verir ki,məsələ ilə bağlı milli məcllisin deputatı Razi Nurullayevə müraciət etdik. O isə bunun qanunsuz olduğunu vurğulayaraq bunu insanların birbaşa cibinə girmək kimi qiymətləndirdi. Onun sözlərinə görə, “Azərlotereya”da udma şansı çox aşağıdır və bu tamamilə qanunsuzdur:

"Bu cür lotoreya oyunları ciddi reklam olunur. Bunları da əsasən kasıb təbəqə alır ki, birdən şansım gətirsə, əlimə 1.000 – 5.000 manat arası pul gəldi. Əhalinin kasıb təbəqəsi də axrıncı pulunu verir lotoreyaya, amma ortada bir şey yoxdur. Bəzən uşaqlar da evdən pul oğurlayıb gedib lotoreya oynayır. Bu məsələyə ciddi nəzarət olunsa, daha yaxşı olar. Həm də bu “Azərlotereya” qanuni şirkətdirsə, o demək deyil ki, ancaq və ancaq insanların cibinə girib pul qazanmalıdır. Hər halda insanlara da pul qazanmaq üçün şərait yaradılmalıdır. Dövr edən 10 manatdan 9-nu şirkətin qazanması qanunsuzdur. Bu düzgün yanaşma deyil".

“Azərlotereya" isə özünü müdafiə edərək yönləndirdiyimiz sorğuya cavabı bütün ani lotoreyalarda uduş fondunun məbləğinin qanunda tələb edilən minimal göstəricidən 12-18% çox olduğunu bildirərək əlavə edib:

““Lotoreyalar haqqında” qanunun 6.5.-ci maddəsinə uyğun olaraq, ani lotoreyanın uduş fondunun həcmi buraxılmış lotoreya biletlərinin ümumi məbləğinin 50%-dən az olmamalıdır.

Ani lotoreyalar üzrə satışa buraxılmış lotoreya biletlərinin ümumi sayı, uduşlu biletlərin sayı və uduş fondunun məbləği açıqlanır. Bütün ani lotoreyalarda uduş fondunun məbləği qanunda tələb edilən minimal göstəricidən 12-18% çoxdur. Yəni, uduş fondu qanunun 6.5-ci maddəsinə uyğun müəyyən edilir.

Eyni zamanda qeyd etmək lazımdır ki, Azərlotereya ASC-Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən və “Məsuliyyətli oyun” sertifikasiyasından uğurla keçmiş yeganə qurum olaraq bütün lotoreya biletlərinin uduş fondu haqqında müştərilərin detallı məlumatlandırılması üçün detallı məlumatları həm lotoreya biletlərinin üzərində, həm də rəsmi vebsayt səhifəsində açıqlamaq öhdəliyini daşıyır. Azərlotereya ASC həm Avropa Lotoreyaları Assosasiyasının, həm də Dünya Lotoreya Assosasiyasının “Responsible Gaming” - “Məsuliyyətli oyun” sertifikasiyası üzrə iki müxtəlif beynəlxalq audit prosesindən uğurla keçmişdir. Qısacası, uduş fondunun açıqlanmaması həm qanunvericilik baxımından, həm də beynəlxalq qurumlar qarşısında daşıdığımız öhdəliklər baxımından yolverilməzdir.

Məsələn, “Qızıl 5” ani lotoreya biletlərinin ümumi sayı – 60 480 000 ədəd təşkil edib. Uduşlu biletlərin sayı – 13 674 988 ədəd, uduş fondunun məbləği isə 38 244 160 manat (63,23%) olub.

"Bütün ani lotoreya biletlərinin arxasında uduş fonduna dair ətraflı məlumat yer alıb, eləcə də “Azərlotereya” ASC-nin rəsmi veb-saytında qeyd edilib”.

Milli Məclisdə açıq mikrofonda millət vəkili Tahir Kərimli “Azərlotereya”nın tənqidlərə rəğmən fəaliyyət göstərdiyini vurğulayaraq qurumun ən azı məsul şəxsi tərəfindən ictimaiyyətə hesabat verilməsinin mütləq olduğunu söyləmişdi. Bu sözləri də eynilə “Azərlotereya”ya sorğu olaraq göndərdik və hesabatın nə zaman baş tutacağını soruşduq. Şirkətdən verilən cavabda isə “Azərlotereya”nın İqtisadiyyat Nazirliyinə hesabat verdiyini bildirildi:

“Qanunvericiliyə uyğun olaraq “Azərlotereya” ASC öz hesabatlarını müvafiq səlahiyyətli orqana - İqtisadiyyat Nazirliyinə təqdim edir, habelə hər il may ayının 31-dək illik maliyyə hesabatını ictimaiyyət üçün açıq şəkildə öz veb-saytında yerləşdirir”, - deyə şirkətin rəsmi sorğusunda bildirilib.

Millət vəkili Razi Nurullayev isə “Azərlotereya”nın bu cavabının etik olmadığını vurğulayıb. Onun sözlərinə görə, milli məclisin deputatı bir çox məsələrlə bağlı hesabat tələb edə bilər:

"Millət vəkili xalqın seçdiyi insandır və seçicilərin hüquq və vəzifələri ilə bağlı hər bir quruma sorğu ünvanlaya bilər və qurumun da vəzifəsidir ki, ona cavab versin. “Azərlotereya”nın bu cür cavabı etikadan kənar və mədəniyyət elementlərini özündə əks etdirməyən yanaşmadır. Milli məclisin deputatına hörmətlə yanaşıb onun sorğusuna da hörmətlə cavab vermək lazımdır. Deputat mövzunu öz seçicisinin tələbinə və insanların müraciəti əsasında qaldırır. Şirkət isə onu saya salmır və deyir ki, başqa bir qurum var, o nə desə, mən də onu edəcəm. Bu qanun pozuntusudur və buna görə də şirkətə ciddi şəkildə ictimai qınaq həyata keçirilə bilər”.

Xəbər verdiyimiz kimi “Azərlotereya” və Azərbaycan Dövlət İqtisad Universiteti arasında memorandum imzalanıb. “Reklam haqqında” qanunun 32.6. maddəsinə əsasən, “İdman mərc oyunlarının, lotoreyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir”, - deyə bildirilib. Bu sualı da sözügedən şirkətə ünvanladıq.

“Azərlotereya” sorğuya cavab olaraq bildirdi ki, bu memorandum “Azərlotereya” ASC ilə UNEC-in birgə fəaliyyəti nəticəsində ölkəmizdə biznes mühitinin inkişaf etdirilməsində həlledici rol oynayan ixtisaslı kadrların hazırlanması və uğurlu idarəetmə metodologiyalarının elmi və praktiki əsaslarının araşdırılması üçün əlverişli imkanlar yaradılmasına hesablanıb:

"Bu çərçivədə “Azərlotereya” öz “know how” yanaşması və idarəetmə metodologiyasını elmi-metodiki əsaslarının araşdırılması və “case study”lərin formalaşması üçün bütün qaynaqlarını, platformalarını İqtisad Universitetinin müəllim və tələbə heyətinə açacaq.

Əməkdaşlıq çərçivəsində İqtisad Universitetinin müəllim və tələbə heyəti “Dördüncü Sənayə İnqilabı”nın əsas hərəkətverici prinsiplərindən olan süni intellect vasitəsi ilə robotlar əsasında proseslərin avtomatlaşdırılması, “”Big Data” əsaslı stratejik qərarvermə mexanizmlərin və idarəetmə metodologiyalarının tətbiqi və “360 marketing” kimi iş dünyasının önəm verdiyi əhəmiyyətli təcrübələri bizim beynəlxalq partnyorlarımızdan birbaşa və əyani şəkildə öyrənmək imkanı əldə edəcəkdir.

Nəzərinizə çatdırmaq istərdik ki, robototexnika və süni intellektin inkişaf etdirilməsi və bu sahədə praktiki addımların atılması, ölkə iqtisadi inkişaf strategiyasının önəmli prinsiplərindən olduğu üçün Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2021-ci il tarixli Fərmanı ilə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi də yeni reallıqlar şəraitində ölkəmizin mövqeyini gücləndirmək, qabaqcıl texnoloji imkanlardan maksimum yararlanmaq məqsədi ilə yaradılmışdır.

Tərəflər arasında birgə layihələrin reallaşdırılması, tələbələrə təcrübə keçmək imkanının yaradılması, “Azərlotereya”nın əməkdaşları üçün peşə hazırlığı, müəllimlərin praktiki biliklərinin artırılması və ən əsası “know how” transferinin reallaşdırılması məqsədilə təlimlərin təşkili və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulub. Burada qeyd etdiyiniz kimi hər hansı reklamdan söhbət gedə bilməz.

Reklam haqqında qanunun 32.6-cı maddəsində qeyd edilən məhdudiyyət açıq məkanda reklama aiddir. Açıq məkanda reklamın anlayışı həmin qanunun 26.1-ci maddəsində verilmişdir:

Reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur.

Göründüyü kimi, təhsil müəssisəsi ilə əməkdaşlıq açıq məkanda reklam deyildir və sosial məsuliyyət proqramı çərçivəsində edilən əməkdaşlıqdır”.

Bu məsələni də milli məclisin deputatı Razi Nurullayevə bildirdik. O isə cavab verdi ki, mərc oyunları Azərbaycanda qadağan olunmayıb və qanunvericilik onların fəaliyyətinə icazə verir:

"Təbii ki, azyaşlıların oyuna cəlb olunması qanunla qadağan edilib. İqtisad universiteti iqtisadi sahə ilə bağlı olduğuna və mütəxəsislərin hazırlanması məsələsinə görə iki tərəf arasında memorandum ola bilər. Universitetlə “Azərlotereya” arasındakı memorandum mütəxəsislərin hazırlanması və seminarların keçirilməsində qanunsuzluq yoxdur. Çünki, iqtisad universiteti bu sahələrdə mütəxəsislər hazırlayır. Buna görə də universitetlə şirkət arasında imzalanan memorondum da buna xidmət edəcək. Universitet daxilində sözügedən şirkətin reklam olunarsa, o zaman reklam haqqında qanunun 32.6. maddəsi pozulmuş olacaqdı".