USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cəlal Şəngör: "O zəlzələ xətti təəssüf ki, Bakıdan keçir"

24.05.2023 Digər
8 24
Ötən gün Bakıda "Elm Azərbaycan" və "Yaşıl Elm" platformalarının təşkilatçılığı ilə türkiyəli məşhur geoloq Cəlal Şengörlə elmi görüş baş tutub.

"Elmin üfüqləri" adlı tədbirdə C.Şengör elmin keçdiyi inkişaf yolundan, öz elmi kəşflərindən, Azərbaycan və Türkiyənin seysmik mənzərəsindən və digər mövzulardan söz açıb. Elm adamı Böyük və Kiçik Qafqaz seysmoloji xətlərinin Azərbaycana təsirlərindən danışarkən, Bakını gözləyən zəlzələ təhlükəsinə də toxunub:

“O zəlzələ xətti təəssüf ki, Bakıdan keçir, Abşeronla davam edir və Xəzər dənizi vasitəsi ilə Türkmənistana qədər uzanır. Cənubda da Kiçik Qafqaz tektonik zonası var. Bu iki sistem Azərbaycanda çox böyük zəlzələlər yaradır". Lakin geoloqun fikrincə Azərbaycanın bu mövzuda bəxti gətirib. Çünki seysmik fəallıq çox uzun fasilələrlə özünü büruzə verir.

Professor Türkiyə barədə danışarkən daha qorxulu proqnozlar verib. Onun sözlərinə görə, yaxın vaxtlarda İstanbulda dəhşətli zəlzələnin olması qaçılmazdır. Bu zaman itki düşünüldüyündən qat-qat çox olacaq: “Tezliklə İstanbulda çox güclü zəlzələ olacaq. Bəlkə də ən azı bir milyon insan həyatını itirəcək. Təəssüf ki, bizim hökumətlər buna qarşı tədbirlər görmədiyi üçün bu zəlzələ tam bir fəlakət olacaq".

Bakıya əsas da palçıq vulkanlarını görməyə gəldiyini bildirən elm adamı bu arzusunu reallaşdırıb. Tədbir zamanı vulkanlardan heyranlığını ifadə edən C.Şengör Türkiyədə elmi konfranslarda Bakının palçıq vulkanlarından mütləq danışacağını bildirib.

Elmi görüşdə müasir Azərbaycan ədəbiyyatının tanınan imzası, şair Aqşin Yenisey də çıxış etmək üçün səhnəyə dəvət edilib. A.Yenisey sənət və elm mövzusunda öz fikirlərini auditoriya ilə bölüşüb. (iqtisadiyyat.az)

Sonda tədbir iştirakçılarından bəzilərinin suallarını cavablandıran Cəlal Şengör hər kəsə təşəkkür edərək salonu tərk edib.