USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İngiltərədə xəstə qan skandalı: 210 min təzminat ödəniləcək

22.05.2024 Digər
0 0
İngiltərə xəstə qan qalmaqalı ilə sarsılır. 1970 və 1980-ci illərdə ölümcül xəstəlik virusu daşıyan qan verilmiş minlərlə insana təxminən 210 min lirə təzminat ödəniləcək. Ölənlərin ailə üzvləri təzminat üçün müraciət edə bilərlər.

'İnfeksiyalı qan skandalı' olaraq bilinən və ölkə tarixindəki ən pis müalicə fəlakəti olduğu ifadə edilən hadisə ilə bağlı mayın 20-də dərc edilən hesabatda təqribən 3 min insanın çirklənmiş qan köçürülməsi nəticəsində həyatını itirdiyi bildirilir. Ölənlərin sayının bundan sonra artacağı gözlənilir.

Keçmiş hakim Brian Langstaff tərəfindən hazırlanan hesabatda deyilir ki, həkimlər, NHS və digər səhiyyə agentlikləri və ardıcıl hökumətlər yoluxanlara səthi yanaşıblar. Langstaff səhiyyə sistemində "fəlakət"lə nəticələnən bir sıra uğursuzluqları müəyyən edir.

Hesabatla bağlı açıqlama verən İngiltərə Baş naziri Rişi Sunak baş verənləri "illərdir davam edən mənəvi uğursuzluq" adlandırıb.

Hökumət bu gün hadisədən zərər çəkənlər üçün hazırlanmış təzminat paketini açıqlayıb.

Hökumətin ödənişlər üzrə baş məmuru Con Qlen İcmalar Palatasına bildirib ki, təsirlənənlər hələ də hər həftə infeksiyadan ölür və bəziləri təzminat almaq üçün yaşamayacaqlar.