USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa Şurasının ikili standartları: Dağlıq Qarabağ niyə yada düşmür?

07.02.2020 Siyasət
2 0
Avropa Şurası Parlament Assambleyası tərəfindən Dağlıq Qarabağın işğalına dair 1416 saylı qətnamənin qəbul edilməsinə baxmayaraq, sənədlərin tələblərinə əməl etməyən Ermənistana qarşı heç bir təzyiq mexanizmləri tətbiq edilmir. Ermənistanın baş naziri münaqişənin həll edilməsi üçün separatçılara təzyiq göstərmək əvəzinə, "Qarabağ - Ermənistandır və nöqtə” kimi açıqlama verir, oğlu da işğal olunmuş Dağlıq Qarabağda hərbi xidmət keçir.

Azərbaycan atəşkəs müqaviləsi imzalandığı və sülh danışıqlarının başladığı gündən münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu bəyan edir, bütün siyasətini buna uyğun şəkildə davam etdirir. Ermənistan tərəfi isə hakimiyyətlərin dəyişməsinə baxmayaraq, işğal siyasətinə "sadiq" qalır, ciddi-cəhdlə danışıqlar prosesinin pozulmasına, münaqişənin həll olunmamasına çalışır. Çox təəssüf ki, insan hüquqlarından danışan Avropa Şurası və digər beynəlxalq təşkilatlar Ermənistanın bu addımlarını ya görmür, ya da görməməzlikdən gəlir.

Avropa Şurası özünü ədalət və insan hüquqlarının qoruyucusu kimi təqdim etməsinə baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində fundamental hüquqları kütləvi şəkildə pozulmuş azərbaycanlı məcburi köçkün və qaçqınların hüquqlarının müdafiəsi və onlara münasibətdə ədalətin təmin olunması baxımından heç bir iş görmür, etinasız mövqe göstərir.

Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının doğma yurd-yuvasından didərgin salınması, ağır şərtlər altında qaçqın həyatı yaşamağa məhkum edilməsi faktı nədənsə Avropa Şurasını, AŞPA-nı heç vaxt narahat etməyib. Özünü insan hüquqlarının qoruyucusu qismində təqdim edən təşkilat bu günə qədər 1416 saylı qətnaməsinə əməl olunması üçün Ermənistan qarşısında heç bir tələblə çıxış etməyib. Bununla da bu qətnamənin sadəcə bir kağız parçası olduğunu və Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını gösətirib.

Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyev AŞPA-nın 2001-ci il yanvarın 25-də Strasburqda keçirilmiş sessiyasında çıxışı zamanı bildirmişdi ki, Cənubi Qafqaz ölkələrininin quruma üzvlüyü regionda və Avropada təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət etməlidir: "Cənubi Qafqaz regionuna siyasi bütövlük və bitərəflik statusu verilməlidir. İndi artıq bütün Cənubi Qafqaz regionunun Avropa Şurasına daxil edilməsi çox mühüm amildir və bu, regionda münaqişələrə son qoyulmasına, dövlətlər arasında münasibətlərin normallaşdırılmasına, beləliklə də Cənubi Qafqazda və Avropada təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət etməlidir".

Amma bu günə qədər AŞPA-nın münaqişənin həllinə dair hər hansı real dəstəyini müşahidə edilməyib. Əksinə, Ermənistan işğal siyasətini davam etdirməklə həm regionda sabitliyi pozur, həm də Avropada təhlükəsizliyin möhkəmlənməsinə mane olur. Erməni işğalçıları tez-tez atəşkəsi pozmaqla, dinc əhalini hədəfə almaqla bütün beynəlxalq hüquq normalarını ayaqlar altına atır. Amma Avropa Şurası bunun qarşısını almaq üçün heç bir addım atmır, Ermənistandan quruma üzv olarkən üzərinə götürdüyü öhdəliklərə əməl etmək tələb olunmur. Bunun nəticəsidir ki, bu gün Cənubi Qafqaz dünyanın ən qaynar nöqtələrindən biri olaraq qalır və bunun də ən böyük günahkarı işğalçı Ermənistan dövləti ilə yanaşı, öz öz prinsiplərinə, tələblərinə, qəbul etdiyi qətnamələrə əməl etməyən Avropa Şurasıdır.

Mərhum Heydər Əliyevin AŞPA-nı 2001-ci il yanvarın 25-də Strasburqda keçirilmiş sessiyası zamanı səsləndirdiyi "Vahid Avropada ikili standartlara yol verilməməlidir. Bizim məkanımız bölünməzdir və bütün münaqişələrə eyni dərəcədə ciddi və prinsipial münasibət göstərilməlidir" fikri hələ də öz aktuallığını qoruyur. Bu tarixdən 19 il keçməsinə baxmayaraq, Avropa Şurası ikili standardlarla fəaliyyət göstərmək şakərindən əl çəkmir, münaqişələrin həllinə ikili standardlarla yanaşır, müharibələrin dayanması, sülhün bərqərar olunması üçün ciddi və prinsipial möqe sərgiləmir. Bundan isə yurd-yuvasından didərgin salınmış milyonlarla insan əziyyət çəkir...