USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

MSK-nın iclası başladı: Yeni qərarlar verildi

18.02.2020 Siyasət
0 0
MSK-nın iclasında 79 saylı İmişli seçki dairəsi üzrə daxil olan şikayəti MSK üzvü Bəxşeyiş Əsgərov çatdırıb.

Həmin seçki dairəsi üzrə namizəd olmuş İlqar, Hüseynli, İltizam Əkbərli, Murad Fərzəliyevin şikayətinə baxılıb.
B.Əsgərov qeyd edib ki, İ.Hüseynli DSK-nın 4 məntəqə üzrə qərarını şikayətləndirib:

“Daha sonra MSK-ya göndərdiyi şikayətdə məntəqələrin sayı daha çox olub. İltizam Əkbərli də bir sıra məntəqələrdən şikayətini çatdırıb. Videogörüntülər araşdırılarkən 2 məntəqədə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən hallar müəyyən edilib. Bunlar 14 və 23 saylı məntəqələrdir. Əsas mübahisələndirilən məsələlər protokolların verilməməsidir”.

B.Əsgərov sosial şəbəkələrdə olan məlumatları və namizədlərin təqdim etdikləri görüntüləri araşdırdıqlarını bildirib:

“Bütün bu araşdırmalar nəticəsində Ekspert qrupu bu qənaətə gəlib ki, 14, 16, 21, 23 və 25 saylı məntəqələrdə protokollarda seçicilərin iradəsini ifadə etməyə imkan verməyən hallar müəyyən olunub”.

Daha sonra bu mənətəqədə nəticələr etibarsız sayılıb.

***

Mərkəzi Seçki Komissiyasının iclasında 29 saylı Səbail, 21 saylı Nəsimi birinci, 27 saylı Sabunçu ikinci seçki dairəsi üzrə daxil olmuş müraciətlərə baxılıb.

Bu şikayətlərin bir qismi şikayətvermə müddəti ötdüyü üçün ərizəçilərə geri qaytarılıb, digər qismi araşdırma səlahiyyəti DSK-larda olduğu üçün aidiyyatı üzrə DSK-lara göndərilib.

Bəzi şikayətçilərin isə şikayətlərini geri götürməsi səbəbindən onların baxılmasına xitam verilib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

BakuPost xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə bağlı daxil olmuş müraciətlərə baxılır.

Məsələ barədə məlumat verən MSK-nın katibi Arifə Muxtarova bildirib ki, 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə namizəd Zeyqam Hüseynov MSK-ya müvafiq DSK-nın qərarından şikayət edib:

“O, 56 saylı seçki dairəsi üzrə 7 saylı məntəqədə nəticələrin ləğvini xahiş edib. DSK qərarında şikayət əsassız sayılıb. Ərizəçi nəticələri mübahisələndirməyib, yalnız bir məntəqədən şikayət edib. O bildirib ki, bu məntəqədə böyük nüfuz sahibidir və ona verilən səslər daha çox olmalı idi”.

A.Muxtarova bildirib ki, həmin dairədə seçicilərin iradəsinə təsir edəcək hadisə baş verməyib və şikayətin təmin edilməməli olduğunu vurğulayıb. Bununla bağlı müvafiq qərar qəbul olunub.