USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bu iclas parlamentin tarixində ilkdir" - Adil Əliyev

21.04.2020 Siyasət
0 0
Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın və müstəqil millət vəkillərinin iştirakı ilə onlayn iclas keçirilib.

"Kommersant.az"-ın xəbərinə görə, bu barədə vitse-spiker Adil Əliyev məlumat verib.

A.Əliyev bildirib ki, Milli Məclisdə say etibarilə müstəqil millət vəkilləri hakim Yeni Azərbaycan Partiyasından sonra ikinci böyük qrupdur.

Deputat qeyd edib ki, iclas olduqca məhsuldar keçib: "Müstəqil namizədlər gündəmin mövzuları ətrafında çıxışlar ediblər, təkliflərini veriblər. Ümumiyyətlə, bu iclas parlamentin tarixində bir ilkdir. Prezident İlham Əliyev Milli Məclisdəki son çıxışında müstəqil və müxalif millət vəkillərinin də parlamentin idarə edilməsində rol oynamasının vacibliyini vurğulamışdı. Bizim bugünkü onlayn iclasımız dövlət başçısının elan etdiyi siyasi kursa uyğundur”.

Millət vəkili nəzərə çatdırıb ki, onlayn iclasda əsas müzakirə mövzusu ölkədə koronavirusla aparılan mübarizə tədbirləri olub: “Bəşəriyyət və ölkəmiz koronavirusla mübarizəni davam etdirir. Biz indiki mərhələdə təhlükədən sovuşduq. Virusa yoluxanların sayı azalır, sağalanların sayı isə getdikcə artır. Bu, uğurlu gedişatdır, müsbət tendensiyadan xəbər verir. Prezidentimizin və dövlətimizin son iki ayda apardığı siyasət, atılan qətiyyətli addımlar Azərbaycanı başqa ölkələrin üzləşdiyi çətinliklərdən sığortaladı. Hamıya aydındır ki, ciddi tədbirlər görülməsəydi, vəziyyət nəzarətdən çıxa bilərdi. Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan bu sınaqdan üzüağ çıxmaqdadır. Bu vəziyyət bizə imkan verir ki, yaxın günlərdə karantindən mərhələli şəkildə çıxmağa başlayaq. Müstəqil millət vəkilləri kimi, biz də karantindən tədricən çıxmağın tərəfdarıyıq”.