USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Rusiyadakı səfirimizi də çıxaracaqlarmı?" - Deputat

18.08.2020 Siyasət
0 0
Serbiyadan sonra Gürcüstanda da səfirimizin çıxarılması Tovuzdakı döyüşlər zamanı bu iki dövlətin Ermənistana silah ötürmələrilə bağlı olduğunu göstərir. Rusiya da həmin günlərdə Ermənistana silah ötürüb. Rusiyadakı səfirimizi də çıxaracaqlarmı? Bilmirəm. Amma onu bilirəm ki, Serbiya və Gürcüstan BMT-nin silah ticarəti haqqında müqaviləsinin şərtlərini pozublar. Həmin müqavilənin əsas prinsiplərindən biri, dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı gücün tətbiqindən və ya güclə hədələməkdən çəkinməkdir. Serbiya və Gürcüstan, ərazimizi işğal etmiş Ermənistana silah ötürməklə, iştirakçı olduqları müqavilənin bu prinsipini pozublar, çünki silahın bizə qarşı işlədiləcəyini biliblər (bilməmək ehtimalı olmayıb). Rusiya və Ermənistan bu müqaviləyə qoşulmayıblar. Biz də qoşulmamışıq. Bununla belə, ölkəmiz Beynəlxalq Ədalət Məhkəməsinin yursidiksiyasını heç olmasa bu iş üçün (ad hoc) tanısaydı, Serbiyaya və Gürcüstana qarşı BƏM-ə iddia verə bilərdi. Serbiya və Gürcüstan BƏM-in yurisdiksiyasını tanıyırlar. Rusiyaya da BƏM-in yurisdiksiyasını tanıyır, amma ona qarşı bu məsələdə iddia mümkün deyil, çünki Rusiya sözügedən müqavilənin iştirakçısı deyil.

Ümumiyyətlə, bizdəki hökumət bu və başqa məsələlərdə üstünlüyü açıq məhkəmə çəkişmələrinə deyil, qapalı diplomatik yollara verir. Bunu etməklə özlüyündə yanlış bir iş görmür. Güman ki, belə yollarla ölkəmiz üçün nisbətən qısa zamanda daha faydalı və ya az riskli nəticələri əldə edir, ya da edə biləcəyini düşünür. Üstəlik, ən azından Gürcüstanın örnəyində, iqtisadi təsir imkanlarından istifadə edir. Bununla belə, bizdəki hökumətin beynəlxalq hüququn potensialından yetərincə yararlanmadığı görünür. Güman ki, səfirliklərimizin zəif yerlərindən biri də budur - yerləşdikləri ölkələrin beynəlxalq öhdəliklərini və yurisdiksiya məsələlərini öyrənmirlər, rəsmi Bakını bununla bağlı məlumatlandırmırlar.

Erkin Qədirli

Milli Məclisin deputatı