USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Putin Paşinyana deyəcək ki, artıq gecdir…”

09.10.2020 Siyasət
0 0
Politoloq Zərdüşt Əlizadə sualları cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatları 10-cu günü keçib. Vəziyyəti necə qiymətləndirirsiniz?

- Tam və qəti qələbəyə hələ var. Hesab edin ki, biz artıq 1943-cü ildəyik. Yəni düşmən geri çəkilir, qızıl ordu irəliləyir. Artıq Stalinqradı götürmüşük, uğurlu əməliyyatlar aparırıq. Düşmən də bunu anladığından haray-həşir salır, dünyanı köməyə çağırır. Rusiya da deyir ki, qardaş, sən mənə şıllaq atırdın, dirsək göstərirdin, indi də payını al, sən bilərsən, Azərbaycan bilər. Çünki ağaya hürən itin payını verməzlər.

- Putinin oktyabrın 7-də verdiyi bəyanatı bu cür şərh edirsiniz?

- Əvvəlcədən bəlli idi ki, Azərbaycan rəhbərliyi müharibəyə başlayanda Rusiyadan prosesə qarışmayacağına dair müəyyən öhdəlik alıb. Ermənistanın Qərbə can atan, nankor rəhbərliyinə bir dərs verilməlidir. Azərbaycan istəyirdi ki, Rusiya prosesə müdaxilə etməsin və biz də sözümüzü deyək. Ermənistanın nankorluğuna cavab olaraq Rusiya qarışmır, deyir qardaşım, siz Ermənistanın müstəqil dövlət olduğunu deyirdiniz, əlavə edirdiniz ki, iki ölkə arasında münasibətlər beynəlxalq hüquq əsasında qurulmalıdır. Bəli, beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycan ərazisidir, müharibə orada gedir. Əgər müharibə Ermənistan ərazisinə keçsə, KTMT olaraq sizin köməyinizə gələrik. Amma indi müharibə Azərbaycan dövləti ərazisində gedir, beynəlxalq hüquqa görə bizim ora qarışmaq haqqımız yoxdur.

Yəni vaxtilə Rusiyadan istifadə edib sizə aid olmayan torpaqları tutdunuz, bizim hesabımıza yaşayırsınız, silahlanmısınız və eyni zamanda bizi təhqir edirsiniz. Gedin, özünüz həll edin. Bəli, Rusiya öz nökərlərindən başqa münasibət gözləyir. Onlar diz çökməlidir, yalvarmalıdır, "baş üstə" deməlidirlər. Amma Paşinyan dünənə qədər deyirdi ki, axı sən kimsən, Ermənistandan çıx. Rusiyada çəkilib kənara deyir, baxıram, özünüz həll edin. Həm də gözləyir ki, erməni rəhbərliyi haçan dizin-dizin sürünüb gələcək qarşısına, ayaqqabısını öpəcək.

Yoxsa qəhrəman erməni ordusu haqqında deyilənlər sadəcə nağıllardır. Mən 20 ildir yazıram ki, siz qəhrəman, müzəffər erməni ordusu haqda nağılları başqalarına danışın. Mən bu barədə yüzlərlə məqalə yazmışam, ermənilərlə görüşdə faktlarla sübut etmişəm ki, sizin bütün qələbələrinizi ruslar təmin edib. 102-ci hərbi hissənin komandiri var, hazırda Stavropolda yaşayır, onun statusları var. Açıq yazır ki, biz vuruşurduq, ermənilər arxamızda gizlənirdi, biz qələbə çaldıqdan sonra qaçıb gəlib qışqırırdılar ki, biz tarixi qələbə əldə etdik. Bunu mən yox, rus polkovniki deyir.

- Sizcə, Rusiya hansı müddətə qədər neytrallığını qoruyacaq?

- Məncə, o ana qədər ki Paşinyan yalvarmağa başlayacaq, Rusiyaya deyəcək mən qələt etmişəm, bundan sonra ağanın sözündən çıxmağı ağlıma belə gətirmərəm, bunu deyəndən sonra ola bilsin ki, Rusiya sülh missiyasına başlayacaq. Bizimkilər ona görə çalışırlar ki, mümkün qədər daha çox torpaq alaq. Və dünya da üzərimizə gəlsə, biz heç bir torpağı qaytarmayacağıq. Ən yaxşı hal o olardı ki, yeddi rayonu götürə bilərdik. Bu həm də Türkiyənin qətiyyətindən asılıdır. Əgər hansısa anda Rusiya sülh missiyasına başlasa və bizdən əməliyyatları dayandırmağı istəsə, Azərbaycan deyə bilər ki, biz konstitusiya və beynəlxalq hüquqla ərazi bütövlüyümüzü təmin edirik və bunu etməyənə qədər dayanmayacağıq. Bax, burada bizim iradəmizi təmin edən Türkiyənin dəstəyi ola bilər. Əgər cənab Ərdoğan qətiyyətli bəyanatlarının arxasında son ana qədər dayanaraq desə ki, erməni ordusu Azərbaycan ərazisindən çıxmalıdır, ruslar bu qətiyyəti və dəstəyi Türkiyədən görsə, prosesə girməzdən əvvəl yüz dəfə ölçüb-biçməli olar. Putin ağıllı adamdır, siyasətdən başı çıxır. Bu halda Putin erməniyə deyəcək ki, artıq gecdir, geri çəkilməlisən.

- Beynəlxalq situasiya indi bizim əleyhimizədir, yoxsa lehimizə?

- Hesab edirəm ki, lehimizədir. Hamının başı öz işinə qarışıb. ABŞ seçkilərlə, Avropa daxili problemləri ilə məşğuldur. Qarabağda erməni və ya azərbaycanlıların oturmasının əslində Avropaya isti-soyuğu yoxdur. Bu məsələ nə Avropanın təhlükəsizliyinə problem yaradır, nə də həyat ritminə. Xristian həmrəyliyi isə boş söhbətdir. Eləcə də humanitar hüquq məsələsi. Heç Yaxın Şərqdə 10 minlərlə müsəlman öldürüləndə beynəlxalq humanitar hüquq heç kimin yadına düşmürdü. Odur ki, indi ABŞ və Avropanın başı qarışıb, Rusiya da deyir ki, Ermənistan dərs almalı, sədaqət və itaətin qiymətini bilməlidir.

- Azərbaycan Ordusunun apardığı əməliyyatı necə qiymətləndirirsiniz?

- Artıq 11 gündür ki, müharibə gedir, aldığımız yüksəklikləri saxlayır, irəli gedirik. Atəş, artilleriya üstünlüyü bizdədir. Hərbi əməliyyatların tənzimlənməsi və qoşunların idarəsi kifayət qədər peşəkar səviyyədə həyata keçirilir. Bu göstərir ki, ordumuz səviyyəsini yüksəldib, peşəkarlaşıb.

- Ordumuz Qarabağ probleminin birdəfəlik həllinə nail ola bilərmi?

- Biz buna ümid etməliyik, bu, bizim borcumuzdur. Mən bir neçə münaqişə görmüşəm, bəzilərinin mərkəzində olmuşam. Məsələn, Ərəb-İsrail münaqişəsinin içində yaşamışam. Təsəvvür edin ki, nə qədər dünya gücləri bu prosesə cəlb edilmişdi, münaqişənin gedişinə yüzlərlə amil təsir edirdi. Bunu görmüşəm, özü də Misirin Baş Qərargah İdarəsindən müşahidə etmişəm.Bu fikirlərimi AXC hakimiyyətinə də demişdim, amma xeyri olmadı. İndi də görürəm ki, həm döyüş meydanında, həm siyasi dəhlizlərdə, həm də dünya siyasi səhnəsində mürəkkəb oyun gedir. Amma onu da demək lazımdır ki, İlham Əliyev siyasi səhnədə Paşinyandan bir deyil, beş dəfə üstündür. Prosesi də uğurla aparır. Fikrimcə, bizim zəif cəhətimiz informasiya siyasətidir.

- Məsələnin qəribə tərəfi odur ki, biz videolar yayırıq, deyirik ki, bu ərazilər azad olunub, filan işlər görülüb. Amma ermənilər bütün bunları təkzib edirlər. Sizcə, niyə?

- İnformasiya müharibəsi gedir. Məşhur bir deyim var: hətta müharibədə belə ovda olduğu qədər yalan danışmırlar. Müharibədə də yalanlar olur, amma hər şeyin həddi-hüdudu var. Müharibədə tərəflərdən hansının vəziyyəti pis olsa bir o qədər yalan danışır. Məsələn, alman ordusu sovet ordusunun zərbələri altında geri çəkiləndə və böyük itkilər verəndə alman komandanlığı bəyan edirdi ki, komandanlıq uğurlu əks-həmlələr hazırlamaq üçün cəbhə xəttini optimal vəziyyətə gətirir. Əslində optimal vəziyyət ondan ibarət idi ki, alman ordusu böyük itkilərlə geri qaçırdı. Erməni tərəfi də öz əhalisinə uzun illər nağıllar danışıb, deyib ki, Azərbaycan Ordusu yoxdur, biz dünyanın ən məğlubeduilməz ordusuyuq, bizim sərkərdələrimizdən dünyada yoxdur və s. İndi isə bu yalanlar ifşa olunur. Başqa nə deyə bilərlər? Kor-kor məğlubiyyətlərini inkar etməyə başlayıblar. Sözsüz ki, Azərbaycan tərəfi buna fikir verməməli, işini davam etdirməlidir. Ancaq informasiya sahəsinə də peşəkarları cəlb etməlidir. Cəmiyyətimizdə sağlam və güclü zəka potensialı var. Bunu toplayıb işə cəlb etmək mümkündür.Teleqraf