USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Hamıda elə təəssürat yaradılıb ki, əsgərlərimiz hər gün isti su ilə duş qəbul edirlər...” - Aslan İsmayılov

21.12.2020 Siyasət
0 0
“Haqqımda aparılan kampaniya ilə bağlı fikrimi bildirmək istəyirəm. Bu birinci dəfə deyil və kimlərin, nə üçün apardıqlarını da çox yaxşı bilirəm. Onları buraxıram öz vicdanlarına, əgər belə bir şeyləri varsa. Mətndən çıxarılmış yazını oxuyub heç nəyi təhlil etmədən, yoxlamadan məni təhqir edənlərə görə isə çox üzülürəm, çünki belə davam edəcəyi təqdirdə siyasət dəllalları hələ çox meydan sulayacaqlar və bundan da ilk növbədə heç nəyi təhlil etmədən, yoxlamadan təhqirə keçən sadə vətəndaşlar ziyan çəkəcəklər”.

"Kommersant.az"ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, bir balaca vicdanı olanlar müharibə dövrü və müharibədən sonrakı günlər daim şəhid ailələri, yaralılara və əsgər, zabitlərimizə münasibətimi görüblər: “Onlarla necə qürur duyduğumu dəfələrlə yazmışam. Hər dəfə onların haqqının tapdalanmasının hamımız üçün bağışlanmaz bir hadisə olacağını yazmışam və yazacam. Müharibə bitəndən dərhal sonra dəfələrlə hakimiyyətə müraciət edib bildirmişəm ki, müharibə bitsə də əsgər və zabitlərimiz hələ də müharibə zonasındadırlar və demək olar ki, təkbaşına, baxımsız qalıblar. Dəfələrlə Silahlı Qüvvələrin hesabına köçürülmüş pulların hara, necə xərclənməsi barədə məlumat verilməsini tələb etmişəm. Gün ərzində sırf şəhid ailələrinin, əsgər və zabitlərin problemləri ilə bağlı etdiyim zəngləri, gördüyüm işlərin hamısını ictimailəşdirib reklamla məşğul olmağı doğru saymamışam. Kimlərsə məni əsgər və zabitlərimizə olan biganəliyə göz yummaqda ittiham edirsə, sadəcə ya məni tanımırlar, tələsik qərar verirlər, yaxud da vicdanları yoxdur. Böyük bir yazıdan hissə-hissə tirajlanan sonuncu 4 abzasdır. Orada yazmışam: “Başqa bir vəziyyətə də münasibətimi bildirməyi özümə borc bilirəm. Şəxsən mən bu gün yayılan bir çox videolarda əsgərlərin olduqları vəziyyətdən narazılıqlarını tam başa düşə bilmirəm. Bəziləri az qala xidmət yerlərində hamam, sauna da istəyəcəklər. Hamı anlamalıdır ki, bu müharibədir və orada olan çatışmamazlıqlara dözmək də lazımdır. Bundan başqa, bəzən şou xətrinə cəbhə bölgəsində kameralar qarşısında "xeyriyyəçilik" edənlərin qarşısında hanısa yardımdan pay almağa sıraya düzülmüş əsgərlərə görə çox üzülürəm. Axı onlar, müharibə görmüş şəxslər özlərinin belələri tərəfindən alçaldılmasına yol verməməlidirlər. Bəzi belə yersiz tələblər, hərəkətlər haqlı tələblərə də kölgə salır və onsuz da bəhanə axtaran məmur qoşununa vəzifələrinin yarıtmaz yerinə yetirmələrini malalamağa imkan verir". Əminəm ki, ilk 3 abzası oxuyan şəxsdə sonuncu abzas heç bir sual doğurmaz. Bu gün də yazdıqlarımı müdafiıə edirəm və nə üçün bu cür sərt münasibət bildirməyimi də açıqlayım. Birincisi, mənə ən pis təsir edən pulları hansı yollarla qazandıqlarını bildiklərimiz şou əhlinin xeyriyyəçilik adı ilə bizə Şanlı Qələbəni qazandırmış Azərbaycan əsgər və zabitlərimizi aşağılaması, onları vətəndaşlarımıza dilənçi kimi təqdim etməsi olub. Hər dəfə hansısa qürur, ləyaqət nə olduğunu anlamayan birinin meymunluq edib əsgər və zabitlərimizi sıraya düzüb sədəqə paylamalarını bir Azərbaycanlı olaraq şəxsən özümə təhqir kimi dəyərləndirmişəm, özümü alçaldılmış saymışam. Mənə ən pis təsir edən məqamlardan biri də yenə eyni dəstədən olan birinin bir dənə hamam düzəltdirib günlərlə reklam etməsi olub. Hamıda elə təəssürat yaradılıb ki, bütün əsgər və zabitlərimiz hər gün isti su ilə duş qəbul edirlər. Axı mən hadisələri ən yaxından izləyib əsgər və zabitlərimizin hansı ağır şəraitdə döyüşdükləri çox yaxşı bilirdim. Hər dəfə o cür videoların tirajlanmasını əsgər və zabitlərimizə, həm də özümə təhqir sayırdım. Ən başlıcası bir neçə əsgər, zabitin ekran qarşısında özünə nə isə istəməsi minlərlə təmənnasız, heç bir iddiası olmadan Vətənini müdafiə edənlərə kölgə salır, onlara biganəlik göstərənlərə bəhanə verir. İkincisi, Vətən Müharibəsində ən ağır şəraitdə heç bir təmannasız şücayət göstərən əsgər və zabitlərimizin mənşəyi bəlli olmayanlar qarşısında aciz durumda görmək istəmirəm. Əminəm ki, bu Şanlı Qələbəni qazananların mütləq əksəriyyəti heç vaxt, heç bir çətinlikdən şikayətlənmədi. Onlar təmənnasız Vətənə qulluq etdilər. Uzağa getmirəm, doğma qardaşım oğlu ilk gündən könüllü müharibəyə gedib, Şuşanı da keçib və hal-hazırda Kəlbəcərdədir. İki dəfə telefonla danışmışam və hər dəfə hansısa çətinliyin olduğunu soruşanda aldığım cavab bu olub - hər şey qaydasındadır. Əgər hansısa giley-güzar edərdisə münasibətim birmənalı olmazdı. Əminəm ki, çətinlikləri var, ancaq bunu mənə desə cavabım da bu olacaqdı, sən müharibədəsən, hər çətinliyə dözməlisən.

Üçüncü, daim hakimiyyətin insanları ələbaxanlığa öyrətməyin əleyhinə olmuşam və bu gün də əleyhinəyəm. Bu xüsusilə, əsgər və zabitlərimizə aiddir, çünki mənim üçün onlar ən Ali təbəqə və cəmiyyətə qürur, ləyaqət nümunəsi aşılayanlardır. Uzun illərdir bu xalqdan dilənçi düzəltmək istəyiblər, ələbaxanlığa öyrədiblər. Mən isə bunun əleyhinəyəm! Hesab edirəm ki, Xalq öz haqqını tələb etməlidir, kimdənsə imdad diləməməlidir. Bu gün ən vacibi əsgər və zabitlərimizin qürur və ləyaqətini öz qürur və ləyaqətimiz hesab ediriksə onların kimlərdənsə, nə isə xahiş etmələrini qınamaqla yanaşı, onların layiqli həyat şəraitinin təmin olunmasına çalışmaqdır! Bu günə qədər bunu etmişəm və edəcəm, çünki həyatımda olan bütün çətinliklərə baxmayaraq qürur və ləyaqətimi hər şeydən üstün tutmuşam, heç vaxt heç kimdən imdad diləməmişəm və Allahımdan başqa heç kimə də arxalanmamışam. Yəqin ki, belə olmasam bu günkü çətinlikləri də yaşamazdım və çoxları kimi ağrımayan başımı ağrıtmazdım. Həyat çox ədalətlidir və hər kəsə layiq olduğunu verir. Uca Allahdan özümə əməlimə görə payımı verməsini xahiş edirəm. İçləri çirklə dolu olanlara isə Uca Allahdan bağışlanmalarını istəyirəm. İnanıram ki, tarix hər şeyə düzgün qiymətini verəcək!”