Azərbaycanda seçkilər keçirilə bilər

05.08.2021 Siyasət
Milli Məclisin 3 avqust tarixli növbədənkənar sessiyasının iclasında deputat Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verildi. Təqdimatı parlamentə təqdim edən baş prokuror Kamran Əliyevin də qatıldığı iclasda deputatlardan 98 nəfər məsələnin lehinə səs verdi, 1 nəfər bitərəf qaldı, 1 nəfər isə səsvermədə iştirak etmədi.

Qeyd edək ki, konstitusiyanın 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız baş prokurorun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisin deputatı mandatından məhrum edilir.

Xatırladaq ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb. Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Elə deputat toxunulmazlığı ləğv edilən gün E.Səlimov saxlanılıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Toxunulmazlığının ləğvinə və həbs olunmasına baxmayaraq, E.Səlimovun deputat mandatı əlindən alınmayıb və həbsxanada olsa belə, onun deputat səlahiyyətləri bitmiş hesab edilmir. Hüquq müdafiəçisi Əliməmməd Nuriyev “Deputat hansı halda mandatdan məhrum edilir”, sualına cavabında Modern.az-a bildirib ki, deputat ağır cinayətə görə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda mandatdan məhrum edilir. Onun sözlərinə görə, məhkəmənin hökmü imkan verir ki, Mərkəzi Seçki Komissiyası deputatın səlahiyyətinə xitam versin. “Buna qədər cinayət işi konkret şəxslə bağlı deyil, fakta görə başlanmışdı. Deputatın toxunulmazlığına xitam verilməsi ona görə vacib idi ki, onun barəsində cinayət işi başlansın. Konstitusiyanın 90-cı maddəsinə görə, deputat yalnız cinayət başında həbs edilə bilər. Digər hallarda isə deputatın toxunulmazlığına xitam verilməlidir. Həbs-qətimkan tədbirinin seçilməsi onunla bağlıdır ki, 309-cu maddənin 2-ci hissəsi səlahiyyət həddini aşma ağır cinayətlər kateqoriyasına daxildir. Bu maddənin sanksiyası üzrə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu, dövlət və ictimai maraqlara ağır zərbədir. Üç ay müddətində istintaq hərəkətləri gedəcək. Daha sonra həmin cinayət işi məhkəməyə göndəriləcək və qərar veriləcək”.

Bir sıra müşahidəçilər hesab edirlər ki, artıq E.Səlimov üçün geridönüş, yəni mandatını qoruyub-saxlaya bilməsi real görünmür. Elə Milli Məclisdəki müzakirələrin ruhundan, üstəlik, deputat Tahir Kərimlinin fərqli arqumentlərlə çıxış etməsinə verilən kəskin reaksiyadan da bunu görmək olardı. Spiker Sahibə Qafarovanın 10 dəqiqəlik, qulaq asılması mümkün olmayan səs yazısı ilə bağlı dedikləri də E.Səlimovun cəzalandırılacağına şübhə yeri qoymur. Bundan əlavə, həmkarları da onun islah olunması istiqamətində çağırışlar ediblər. Bütün bunlar isə ondan xəbər verir ki, çox da uzaq olmayan gələcəkdə Xaçmaz seçki dairəsi də deputatsız qala, bununla da ölkə üzrə boş dairələrin sayı 6-ya çata bilər.

Qeyd edək ki, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən, 125 seçki dairəsinin 121-dən qanunverici orqana deputat seçilib. 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb. Qanunvericiliyə əsasən, bu dairələr üzrə təkrar seçki keçirilməlidir. Ötən ilin yayında isə deputat Fəttah Heydərovun dünyasını dəyişməsindən sonra parlament üzvlərinin sayı 120 nəfərə enib. Hələlik parlamentdə boş qalan deputat yerlərinə seçkilər keçirilməsi barədə qərar verilməyib və növbəti dairənin deputatsız qalacağı şübhə doğurmur.

Milli Məclisdən “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirildi ki, qüvvədə olan qanunvericiliyə görə, seçkilərlə bağlı qərarları MSK verir və həyata keçirir: “Biz Milli Məclis olaraq o məsələlərə qarışmırıq”.

MSK-dan isə suallarımıza cavab ala bilmədik.

Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, seçkilərin təyin olunması ilə bağlı qərarı ölkə Prezidenti verir və MSK da həyata keçirir: “Hələ ki bununla bağlı sərəncam yoxdur. Ola bilsin gələcəkdə bu məsələ nəzərdə tutula bilər. Ona görə də dəqiq nə isə söyləmək çətindir. Bəlkə də pandemiya şərtlərinə görə hələlik buna getməyi düşünmürlər. Amma boş yerlərə, əlbəttə, seçkilər keçirilməlidir. Çünki bu, seçicilərin hüququnun müəyyən dərəcədə təmin edilməsi üçün zəruridir”.

F.Mustafa qeyd etdi ki, boş qalmış dairələrdəki seçicilərin konkret sayından söhbət getmir: “Burada daha çox təmsilçiliyin fəlsəfəsinə uyğun olaraq təmsilçiliyin gerçəkləşməsindən söhbət gedir. Ona görə də təmsilçiliyin fəlsəfəsinə uyğun olaraq boş dairələrə seçkilər keçirilməlidir”.

Xatırladaq ki, Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilmiş seçki dairəsində yenidən seçkilər keçirilməsi Seçki Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir. Qanunun 172-ci maddəsində bildirilir ki, seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası təkrar seçkilər keçirir. Eyni zamanda deputat mandatına xitam verildikdən, deputatın vəfat etməsi və ya mandatdan imtina etməsindən sonra boş qalan dairədə yeni seçkinin təyin olunması da Seçki Məcəlləsinin tələbi ilə tənzimlənir. Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir. Amma ləğv olunan nəticələrdən sonra yenidən seçki keçirilməsinin konkret müddəti yoxdur. Milli Məclisə seçkilərin təyin edilməsi ilə bağlı Prezident sərəncam verir.