"Prezident növbəti dəfə açıq şəkildə siyasi məsələlərə, sosial problemlərə, məmurların fəaliyyətinə münasibət bildirdi" - RƏY

13.01.2022 Siyasət
“Ötən gün Prezident İlham Əliyev müsahibəsində bir çox məsələlərə, eləcə də buğda istehsalı və çörəyin bahalaşması ilə bağlı məsələyə də toxundu və müəyyən işlərin getməsi barədə məlumatlar verdi. Yəni, buğdanın bahalaşmasının, Azərbaycanın özünü tam təmin edə bilməməsi ilə bağlı suallara aydınlıq gətirildi. Biz bilirik ki, bir ölkənin özünü 75-80 faiz ərzaqla təmin etməsi, dövlətin ərzaq təhlükəsizliyinin də təminatı deməkdir. Azərbaycanın kifayət qədər imkanı var. Dövlət başçısı da qeyd etdi ki, məhsuldarlığı artırmaq lazımdır. Bu ciddi məsələdir və problemin həlli üçün mütəxəssislər işləməlidir. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə də kifayət qədər torpaqlarımız var, orada vaxtilə ermənilər də taxıl əkib-biçirdilər. Hətta Prezident bir dəfə demişdi ki, ermənilər taxılın 60 faizini məhz Azərbaycan torpaqlarından əldə ediblər. Biz çalışmalıyıq ki, həmin ərazilərdə də Prezidentin başçılığı ilə müəyyən işlər görək və hədəfə çataq. Özümüzü 75-80 faiz taxılla təmin etməliyik ki, Azərbaycanın da buna imkanı çatır”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.


Deputat qeyd edib ki, Azərbaycanda ərzaq təminatı ilə əlaqədar tədbirlər həyata keçirilir, bir sıra ölkələrlə icarə müqavilələri üzərində işlər aparılır: “Nəzərdə tutulub ki, bəzi dövlətlərdə torpaq icarəyə götürərək orada istehsalla məşğul olaq. Yəqin ki, İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi bu barədə ciddi tədbirlər həyata keçirəcək. Sadəcə olaraq, müasir texnologiyalardan istifadə etmək və texnologiya sahəsində irəlidə olan ölkələrin təcrübələrindən istifadə etmək lazımdır. Nəzərə almaq lazımdr ki, ərzaq təhlükəsizliyində bir nömrəli məsələ taxılla təminatdır. Ötəngünkü müsahibədə Prezident, həmçinin sosial ödənişlərdəki artımlardan da danışdı. İlin sonunda silsilə sərəncamlar imzalandı, minimum əmək haqqı və pensiyaların məbləği artırıldı. Biz bilirdik ki, çörəyin qiymətinin artması məcburi addım idi, başqa imkan yox idi. Ona görə də bu barədə geniş məlumat verildi”.

V.Əhmədov, həmçinin bildirib ki, cənab Prezidentin belə bir çıxışı gözlənilən idi: “Son vaxtlar Qazaxıstanda baş verən hadisələr, Azərbaycan-Ermənistan sərhədindəki gərginliklər, Azərbaycanın daxilində unun qiymətinin artması ilə əlaqədar sosial mediada yayılan çıxışlara münasibət bildirmək lazım idi. Belə vacib məsələlərə hansısa məmurun münasibət bildirməsi ilə Ölkənin birinci şəxsinin münasibət bildirməsi arasında ciddi fərq var. Prezident növbəti dəfə açıq şəkildə siyasi məsələlərə, sosial problemlərə, məmurların fəaliyyətinə münasibət bildirdi. Yəni, bir çox məsələlərə aydınlıq gətirildi, geniş və çox vacib çıxış idi”.