USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əli Həsənova bağlı olan xəbər agentliyi nizamnamə kapitalını azaldır

30.06.2022 Siyasət
0 0
“Azadinform Müstəqil İnformasiya Agentliyi” Məhdud Məsuliyyətli Törəmə Cəmiyyəti (VÖEN- 1700115961) nizamnamə kapitalının azaldığını elan edib.

Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan “Azadinform Müstəqil İnformasiya Agentliyi” 15.03.2002-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Hazırda 210 manat nizamnamə kapitalı olan “Azadinform”un qanuni təmsilçisi Həsənov İbrahim Nurəddin oğludur.

Məlumat üçün bildirək ki, “Azadinform”un qeydiyyatda olduğu Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər yerləşir.

Bir neçə həftə əvvəl Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan "ATOM QİDA" MMC (VÖEN -1701554201) və "DULCE Nutrition" MMC (VÖEN -–702132271) ləğv olunduqlarını açıqlayıblar. Əvvəllər "ATOM QİDA" MMC-yə Əli Həsnovun ABŞ-da yaşayan oğlu Şamxal Həsənli rəhbərlik edib.

Onu da qeyd edək ki, ötən il Əli Həsənovun ailə üzvlərinə məxsus olan və Fikrət Əmirov küçəsi, ev 1 ünvanında yerləşən “Bakı 24” MMC, “Kaspi AZ” MMC, “Mətbuat Evi” MMC, “Golden Prince” MMC, “Global Advertisment” MMC və “Kaspi Co” MTK adlı şirkətlər də ləğv olunduğunu elan ediblər. Adları çəkilən bu şirkətlərə Şamxal Həsənli və Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın yaxın qohumu Azər Vəliyev rəhbərlik edib.