USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əkrəm Həsənov: “İranda qismən də olsa, demokratiya var, seçkilər saxtalaşdırılmır…”

28.09.2022 Siyasət
0 0
“İranda baş verən etirazlar hicaba görə deyil. Burada daha çox siyasi səbəblər var. Bu etirazlar kənardan idarə olunana daha çox bənzəyir. Mən İran rejiminin əleyhinəyəm. Ümumiyyətlə, bilinmir onlar kimə qulluq edirlər. Amma biz gərək adil, obyektiv olaq. Hicab müasir İran üçün elə də ciddi problem deyil. Bu məsələnin kökünü bilmək lazımdır. Hələ 1936-cı ildə Rza şah Pəhləvi İranda qadınların hicabda gəzməsini qadağan etmişdi. Bunu bizdə çoxları bilmir. Türkiyədə Atatürk qapalı qadınları dərslərə, universitetlərə buraxmırdı, amma kim istəyirdisə, öz dininə görə qapalı gəzə bilərdi. İranda isə bu, lap ifrat şəkildə idi, buna görə xeyli qadın evindən çıxmırdı. Çünki onlar hicabsız gəzmək istəmirdilər. 1979-cu ildə İran inqilabı belə şeylərə görə baş verdi. İnqilab baş verəndə hicab tələbi çox sərt idi”.

Bu sözləri Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, islama görə, hicab təkcə başın örtülməsi demək deyil:

“Ümumiyyətlə, qadının bədən forması görünməməlidir. İranda 1979-cu ildə bu tələblərə keçmişdilər. Amma get-gedə tələblər çox yumşalıb. Bu gün İrana getmədən də televiziyadan baxanda görünür ki, qadınlar sadəcə başlarını bağlayırlar. Şalvarda gəzirlər, istədiklərini geyinirlər. Qadınların hicabın altından saçları görünür. Bu, onsuz da hicab deyil ki. Təkcə başın bağlanması ilə iş bitmir. Tələblər İranda çoxdan yumşalıb. Səudiyyədə və digərləri daha çox islam şəriətinə uyğundurlar. İranda bu, yoxdur. İrandakıları nə narahat edir, sözün düzü, aydın deyil”.

Ə.Həsənov deyib ki, bəziləri etirazların İran rejimini sarsıdacağını hesab edirlər: “22 yaşlı qız hicabı düzgün taxmayıb, ona irad tutublar, ölüb. Heç o da bilinmir ki, özü ölüb, ya öldürüblər. Belə şeylər hər halda İranda tez-tez baş vermir. Sadəcə bu, əldə şüar olub, indi də istifadə edirlər. Bəziləri gözləyirlər ki, bu etirazlar İran rejimini sarsıdacaq. Məndə belə gözlənti yoxdur. Çünki biz İrana bir az çox səthi qiymət veririk. İran Liviya, Misir deyil ki, deyək “orda bir diktator var, xalq qalxdı, onu yıxdı”. İranda qismən də olsa, demokratiya var. Ən azından seçkilər bir qayda olaraq saxtalaşdırılmır. Düzdür, seçkilərə hamını buraxmırlar. Bu, faktdır. Guya dünyanın hansı ölkəsində hamı seçkiyə qatıla bilir? Məsələn, ABŞ-ın özündə. Pulu olmayan, mətbuata çıxışı olmayan məgər orda normal seçki kampaniyası apara bilər? Yox. ABŞ-da mətbuat faktiki olaraq iki partiyanın tərəfdarları tərəfindən idarə olunur. Onlar sadəcə seçkidə başqa heç kimin real iştirakına imkan vermirlər. İranda xalqın imkanı var, qismən də olsa, səs verir. Nə olsun ki, camat çıxıb küçəyə etiraz etdi, vurub-dağıtdı. Bir-iki il bundan əvvəl Fransa da bunu gördük. Kimsə hesab edirsə ki, Fransa İrandan daha demokratik dövlətdir, səhv edir. Fransada da qadınların hicabına qarşı müəyyən məhdudiyyətlər, söz azadlığına məhdudiyyətlər, bəzi faktların inkar edilməsinə görə məsuliyyət var. Məsələn, Holokost, erməni “genosidi” və s. Orda da camaat çıxıb dağıdır, etiraz edirdi. Nə oldu? Heç nə. İranda da nəsə ciddi bir şey olacağını gözləmirəm”.

Ekspert vurğulayıb ki, İran dövləti zəifləyir: “Bu, faktdır. Dünyda baş verən qlobal, geosiyasi vəziyyətlə bunu qiymətləndirirəm. Çünki İran Rusiyaya kömək edir, texnika, silah satır və s. Hesab edirəm, baş verən hadisələrdən İran dövləti zəifləyəcək. Amma nəyinsə dəyişəcəyi inandırıcı gəlmir. Hətta bizdə bəziləri sevinir ki, İranda molla rejimi dağılacaq, Cənubi Azərbaycanla birləşəcəyik”.

Ə.Həsənov deyib ki, bu ideaları da real hesab etmir: “Birincisi, Cənubi Azərbaycanla Şimali Azərbaycanın vahid dövlətdə birləşməsinin özü qeyri-mümkündür. Hətta dünya dövlətləri, aparıcı qüvvələr buna etiraz etməsələr belə. Çünki biz sayca daha azıq, onlar isə çox. Bu, bizdə müəyyən problemlər yaradacaq. Bizim buna getməyimiz sual altındadır. Çünki hər halda iki yüz ildən sonra bizim aramızda fərqlər də yaranıb. Amma ola bilər ki, ikinci Azərbaycan dövləti olsun. Bu, pis olmazdı. Ola biləcəkmi? Sözün düzü, inanmıram ki, qlobal qüvvələr buna imkan versin. Sözlə “Cənubi Azərbaycan var” demək rahatdır. Cənubi Azərbaycanın özündə farslar da, digər millətlər də yaşayırlar. Onlar da qarışıblar. Biz üstündən keçirik, amma fakt olan budur. Demək olmaz ki, Cənubi Azərbaycanın bütün ərazisində ancaq azərbaycanlılardır. Bu barədə heç statistika yoxdur. Onları bir-birindən necə ayıracaqlar, sülh yolu ilə bunu etmək olacaq, ya yox? Bunun özü sualdır. Bu, o halda mümkün olardı ki, biz bir iqtisadi, hüquqi cəhətdən inkişaf etmiş dövlət kimi cəlbedici olardıq. Axı bu, bizdə yoxdur. Ölkədə qanunsuzluq baş alıb gedir. Bunu da hamı görür. Əksinə, mən müəyyən təhlükələr görürəm. Əgər İranda molla rejimi getsə, İran yenə də şah dövründə olduğu kimi Qərbə yaxınlaşa bilər. Bu, bizim üçün təhlükə olar. Fərqi yoxdur, orada hansı rejim olur-olsun, İran üçün Azərbaycan dövləti təhlükədir. Demirəm ki, birləşmək istəyirlər, amma hər bir halda Cənubi azərbaycanlılar bizə baxıb, örnək götürüb özlərinə Azərbaycan dövləti qurmaq istəyirlər. Bu halda orada Qərbyönlülər hakimiyyətə gəlsə, Qərb onlara dəstək verə, İranın beynəlxalq aləmdə mövqeyi güclənə bilər. Bilmək olmur, bu, hazırda bizim xeyrimizədir, ya yox. Biz özümüz də xeyli problemlərlə üz-üzəyik. Onları da həll etməliyik…”