Macarıstanın xarici işlər naziri Peter Szijjarto Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstana səfəri zamanı iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi barədə razılığa gəldiklərini açıqlayıb.
Macarıstanın rəsmi radiosu Kossuth-un xəbərinə görə, Szijjarto prezident Ərdoğanın Macarıstan səfərini dəyərləndirib.
Ərdoğanın dekabrın 18-də keçiriləcək yüksək səviyyəli Strateji Şura iclası çərçivəsində yenidən Macarıstana səfərinin gözlənildiyini bildirən Szijjarto, bu tədbir çərçivəsində prioritet strateji tərəfdaşlığın qurulması üçün saziş imzalanacağını qeyd edib.
Szijarto vurğulayıb ki, iki ölkə ikitərəfli münasibətləri və əməkdaşlığı çox yaxşı səviyyədə daha da inkişaf etdirmək barədə razılığa gəliblər.
Macarıstanın da "Türk axını" boru kəməri ilə təbii qaz almaqda maraqlı olduğunu bildirən Szijarto Türkiyənin enerji sahəsində mühüm tranzit roluna diqqət çəkib.